Paşinyan: Azərbaycanla məhsul siyahısını qarşılıqlı paylaşdıq

Ermənistan Baş Naziri Nikol Paşinyan benzin ticarətinin ətraflı detallarını açıqladı

“Ermənistan və Azərbaycan alqı-satqı mümkün olan məhsulların siyahısını qarşılıqlı olaraq paylaşdı.”

Sherg.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi mətbuat konfransında həm ölkə daxilindəki inkişaflardan, həm də Ermənistan-Azərbaycan arasında barış prosesindən danışıb. O, xüsusilə iki ölkə arasında ticarət edilə biləcək məhsulların siyahısının mübadiləsini qeyd edib, həmçinin Erməni Katolikosu II Qareginin vəzifədən alınması mexanizmi və Azərbaycandan benzin idxalı ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb.

“Hazırda Ermənistan və Azərbaycan arasında hansı məhsulların satılması və alınması ilə bağlı potensial siyahılar qarşılıqlı mübadilə olunur. Proses davam edir və yeni məlumatlar olduqda ictimaiyyətlə paylaşılacaq. Bildiyim qədər tərəflər ilkin məhsul siyahılarını paylaşıb, indi isə incələmə mərhələsi gedir,” -deyə Paşinyan bildirib.

Paşinyan həmçinin Azərbaycan ilə göndərişlərin necə razılaşdırıldığını açıqlayıb:

“Baş nazir müavinlərinin görüşündə Azərbaycan Baş Nazir müavini ölkəsinin neft məhsulları satmağa hazır olduğunu dedi. Daha sonra iki tərəfin şirkətləri bir-biri ilə əlaqə saxladı.”

O, ilk göndərişdən sonra bəzi tərəflərin benzini satmaqdan imtina etdiyini, lakin bu bazarın və imkanın hər kəs üçün açıq olduğunu vurğulayıb:

“İndi hər kəs üçün daha aydın olacaq, bu bazar və imkan açıqdır və istəyən hər kəs bundan yararlana bilər.”