Paşinyan bir aydır cavab gözləyir, Moskva susur - Dəmir yolu oyunu açıqdır

Elxan Şahinoğlu: “Ermənistanın dəmir yolları Rusiyaya satılıb, İrəvan Moskvadan icazəsiz addım ata bilməz”

Ermənistanın siyasi dairələri İcevan və Axurik dəmir yollarının bərpası istiqamətində müzakirələr aparır. Ölkənin şimal hissəsini əhatə edən dəmir xətlərinin yenidən istismara verilməsi, Ermənistanın Azərbaycan, Gürcüstan və digər qonşu ölkələrlə tranzit əlaqələrini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Lakin rəsmi İrəvan layihənin icrasında təkbaşına hərəkət etməyə meyilli görünmür. Ermənistanın baş naziri Nikol Paşinyan dəmir yollarının bərpasının Rusiyanın iştirakı ilə həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, rusiyalı tərəfdaşlarından Yerasxdan Naxçıvana, eləcə də Axurikdən Türkiyə sərhədinə qədər uzanan dəmir yolu xətlərinin təcili bərpasını xahiş edib. Məsələ ilə bağlı Moskvadan hələlik yekun qərar verilməyib. Layihənin icrasında məhz Rusiyanın seçilməsi, Ermənistanın strateji məqsədləri ilə bağlı ciddi suallar doğurur.

Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında bildirib ki, İcevan və Axurik dəmir yolları vaxtilə Rusiyaya satılıb:

“İcevan və Axurik dəmir yolları sovet dövründə fəaliyyət göstərən mühüm nəqliyyat xətləri olub. Lakin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dövründə bu yollar məqsədli şəkildə dağıdılıb. Hazırda İrəvan həmin yolların bərpası imkanlarını yenidən gündəmə gətirir. Məsələnin əsas hüquqi və siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan dəmir yolları, Robert Koçaryanın prezidentliyi dövründə Rusiyaya satılıb. Bu səbəbdən İcevan və Axurik dəmir yolları Rusiyanın nəzarətindədir. Ermənistan hökuməti bu xətlərin bərpasını istəyirsə, ilk növbədə Moskva ilə razılaşma əldə etməlidir. Əgər Rusiya tərəfindən müsbət cavab verilməzsə, İrəvan bu layihələri öz maliyyə imkanları hesabına reallaşdırmaq məcburiyyətində qalacaq”.

Politoloqun sözlərinə görə, Paşinyanın bir aydır məsələni qaldırmasına baxmayaraq, Rusiyadan hələ rəsmi cavab gəlməyib:

“Çünki Moskvadakı dairələr Azərbaycan ilə Ermənistan arasında əldə olunan barışıqdan narazıdır. Axurik və İcevan dəmir yollarının bərpası Azərbaycan və Ermənistan arasında birbaşa ticarət əlaqələrinin güclənməsinə xidmət edəcək. Kreml yolların bərpasının, Rusiyanın strateji maraqlarına uyğun olmadığını nəzərə alaraq, məsələni uzadır. Qeyd edilməlidir ki, Zəngəzur dəhlizi İcevan və Axurik dəmir yollarından tamamilə fərqli layihədir. Dəhlizin Rusiyaya heç bir aidiyyəti yoxdur. Zəngəzur dəhlizi artıq ABŞ-la razılaşdırılmış layihə kimi formalaşıb. ABŞ layihənin icrası üçün xüsusi şirkət yaradaraq, investisiya yatırıb. Rusiya bu layihədə iştirak etmək niyyətində deyil”.

E.Şahinoğlunun qənaətinə əsasən, Rusiyanın İcevan və Axurik dəmir yollarına dəstək verməsi ehtimalı azdır:

“Ermənistan hökuməti daxili dəmir yolu şəbəkəsini Azərbaycan və digər qonşu ölkələrlə birləşdirmək niyyətindədir. Bunun üçün İrəvan Rusiyaya müraciət edərək, yolların bərpasını xahiş edib. Əgər Moskva layihəyə dəstək verməzsə, Ermənistanın zəif maliyyə imkanlarını nəzərə alaraq beynəlxalq maliyyə institutlarına müraciət etməsi qaçılmaz olacaq. İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri isə proseslərin taleyində həlledici rol oynaya bilər. Paşinyan seçkilərdə qələbə qazansa, siyasi mövqeləri möhkəmlənəcək və böyük həcmli kreditlərin cəlb edilməsi nisbətən asanlaşacaq. Əks halda, məğlubiyyət maliyyə baxımından çətin vəziyyətdə olan, Ermənistanın beynəlxalq kreditlərə çıxışını daha da məhdudlaşdıracaq”.

Aybəniz Səfərova