Paşinyan: Ermənistan Aİ-nin tamhüquqlu üzvü olmağı hədəfləyir

Ermənistan hökuməti ölkənin Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvünə çevrilməsini açıq və birmənalı şəkildə hədəfləyir və bu istiqamətdə Ermənistanı Aİ standartlarına uyğun dövlətə çevirmək yolunu tutur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

N. Paşinyan ötən il qəbul edilən və Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanunu xüsusi əhəmiyyət daşıyan addım kimi qiymətləndirib. O vurğulayıb ki, Aİ-yə üzvlük yalnız siyasi qərarla deyil, ölkənin obyektiv şəkildə yüksək standartlara cavab verməsi ilə mümkündür:

"Bizim mövqeyimiz aydındır, Aİ-nin tamhüquqlu üzvü olmaq istəyirik. Bunun üçün ölkə Aİ standartlarına ən azı 97-99 faiz uyğun olmalıdır. Strategiyamız Ermənistanı mərhələli şəkildə Avropa standartlarına uyğun dövlətə çevirməkdir".

Onun sözlərinə görə, bu mərhələ başa çatdıqdan sonra siyasi qərar verilməsi zamanı yetişəcək:

"Aİ-nin genişlənməməsi ehtimalı da mümkündür, lakin hər iki halda Ermənistan qazanc əldə edəcək, Aİ üzvü olacaq və ya da Avropa standartlarına cavab verən müasir dövlətə çevriləcək".

Baş nazir həmçinin diqqətə çatdırıb ki, Ermənistan eyni zamanda Aİ və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz. Bununla belə, hazırda hər iki istiqamətdə irəliləmək üçün müəyyən imkanların mövcud olduğunu bildirib:

"Hazırda biz Aİİ-nin üzvüyük və bu mərhələdə ziddiyyət yoxdur. Uyğunluq mümkün olduğu qədər Aİİ üzvlüyünü davam etdirəcəyik. Uyğunsuzluq yarandığı anda isə qərar Ermənistan vətəndaşlarının azad iradəsinə əsaslanacaq".