Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirməkdə maraqlıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşdə Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirmək və dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Sherg.az-ın məlumatına görə, Paşinyan qeyd edib ki, müzakirə edilməli çoxsaylı məsələlər toplanıb. Onun sözlərinə görə, son illərdə regionda və Ermənistan ətrafında vəziyyət dəyişib və iki ölkə arasında münasibətlər regionda formalaşmış yeni reallıqlar nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir.

“Bizə elə gəlir ki, vəziyyətə yeni baxışla yanaşmaq lazımdır. Düşünürəm ki, bu, münasibətlərimizin inkişafına xidmət edəcək. Söhbət münasibətlərin dərinləşdirilməsi və inkişafından gedir”, - Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı ölkədə çoxsaylı Rusiya şirkətlərinin uğurla fəaliyyət göstərdiyini, gəlir əldə etdiyini və böyük vergi ödəyiciləri olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanda zərər edən Rusiya müəssisələrinin də olduğunu və bunun həm Ermənistan, həm də Rusiya üçün problem yaratdığını bildirib.

Paşinyan Rusiya ilə münasibətləri yüksək qiymətləndirdiklərini qeyd edib:

“Biz Rusiya ilə münasibətlərimizi çox yüksək qiymətləndiririk. Ümid edirik ki, Rusiya üçün də bu münasibətlər eyni dərəcədə önəmlidir. Həm Rusiya, həm Ermənistan, həm də şəxsən biz bu münasibətlərə diqqətlə yanaşmalıyıq. Mən və hökumətim bu cür yanaşırıq və ümid edirik ki, siz də belə yanaşacaqsınız”.

Putin və Paşinyanın görüşü Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.