- Baş nazir Köçəryanı da, Sərkisyanı hakimiyyəti üçün təhlükə, özü üçün rəqib hesab edir
Əli minlərlə Azərbaycan türkünün qanına batmış Robert Köçəryan ölkəmizə təhvil verilə bilərmi? Hazırda bu sual gündəmdədir.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Robert Köçəryanın Birinci Qarabağ müharibəsi dövründə törətdiyi hərbi cinayətlər, terrorçuluq və soyqırımı faktları (xüsusilə Xocalı soyqırımı) ilə bağlı rəsmi cinayət işləri qaldırılıb. Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən, o, ağır müharibə cinayətlərində ittiham olunan rəsmi şübhəli şəxs qismində qiymətləndirilir. Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryanın Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması onun Azərbaycana təhvil verilməsi məsələsini də gündəmə gətirib. Hərçənd R.Köçəryan və oğlu korrupsiya ittihamı ilə saxlanılıb. Hətta Köçəryanın gəlininə məxsus ofisdə də axtarış aparılıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirdi ki, N.Paşinyan özünə görə Köçəryanı zərərsizləşdirir:
- Paşınyan Köçəryan və Sərkisyanı ona görə təqib etmir ki, onlar Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədiblər. Belədə Paşınyan özü 44 günlük müharibə dövründə Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə başçılıq edib, Gəncədə, Bərdədə və digər şəhər və ərazilərimizə atılan raket və kasetli bombaların atılmasına əmri də şəxsən özü verib. Paşınyan Köçəryanı da, Sərkisyanı hakimiyyəti üçün təhlükə, özü üçün rəqib hesab edir. Bizim bəzi media orqanları onların mühakimə olunmaq üçün Azərbaycana verilə biləcəyinə dair ehtimallar irəli sürüb, hətta bəzi şəxslərdən bunun mümkünlüyü barədə rəy də alıblar. Ermənistan Respublikasının Konstitusiyasının 55-ci maddəsinin 2-ci bəndinə görə "Ermənistan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ermənistan Respublikası vətəndaşı xarici dövlətə ekstradisiya edilə bilməz". Mətndəki "Ermənistan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla" ifadəsi ona görədir ki, əgər Ermənistan hansısa beynəlxalq öhdəlik götürərsə o zaman belə istisna ola bilər. Məsələn, Ermənistan "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu"nu ratifikasiya edib. Ermənistan üzərinə götürdüyü öhdəliyə görə müharibə cinayətləri törədən şəxsləri (vətəndaşları da daxil olmaqla) mühakimə üçün bu məhkəməyə göndərə bilər. Əslində isə Roma Statutu əsasında yaradılmış Beynəlxalq Cinayət Məhkəməsinə şəxsləri göndərmək onların xarici ölkəyə ekstradisiyası anlamını vermir. Çünki həmin məhkəmə şəxsi mühakimə etdikdən sonra cəzasını çəkmək üçün öz ölkəsinə göndərir (istisnalar var). Hətta məhkəmə Haaqada deyil, şəxsin mühakimə olunmasını istəyən ölkədə də keçirlə bilər. Görünür Konstitisyanın mətnini hazırlayan Ermənistan mütəxəssisləri bunu bilmir. N.Paşınyan isə Petrosyan, Köçəryan və Sərkisyan kimi müharibə cinayətləri törətmiş birisidir.