Paşinyan siyasi taleyini özündən sonrakı hakimiyyətə bağlayır - Politoloq

  • “Sülhü uzatmaqla siyasi üstünlük qazanacağını düşünürsə, yanılır”
  • “Sülhə Ermənistana daha çox ehtiyac var”

Cənubi Qafqazda sürətlə dəyişən və ziddiyyətli geosiyasi proseslər fonunda Ermənistan rəhbərliyinin yürütdüyü siyasət, xüsusilə sülh prosesi ilə bağlı mövqeyi ciddi suallar doğurur.

 Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının 2031-ci ilədək mümkün ola biləcəyini bildirib. Bu açıqlama sülh prosesinin gələcəyi və rəsmi İrəvanın real niyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Paşinyanın bir tərəfdən sülhün əhəmiyyətini və regional kommunikasiyaların açılmasının zəruriliyini vurğulaması, digər tərəfdən isə müqavilənin imzalanmasını uzaq tarixə bağlaması Ermənistanın mövqeyindəki ziddiyyətləri üzə çıxarır. Belə yanaşma İrəvanın sülh gündəliyinə nə dərəcədə sadiq olduğu və prosesin irəliləməsi üçün konkret siyasi iradə nümayiş etdirib-etdirmədiyi barədə suallar yaradır.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini söyləməsi ziddiyyətli və siyasi hesablamalara əsaslanan yanaşmadır.

Onun sözlərinə görə, Paşinyanın məhz 2031-ci ili hədəf göstərməsi təsadüfi deyil: “Həmin dövrədək Ermənistanın hazırkı hakimiyyətinin siyasi taleyinin necə olacağı bəlli deyil. Bu baxımdan, baş nazir sülh sazişinin imzalanmasını özündən sonrakı hakimiyyətin üzərinə qoymaq ehtimalını da istisna etmir. Paşinyan bu açıqlaması ilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların dəyişdirilməsi məsələsindən də yayınmağa çalışır. Belə mövqe ötən il Vaşinqtonda paraflanmış sülh sazişi və TRIPP layihəsi istiqamətində əldə olunan irəliləyişlərlə uzlaşmır”.

Vaqif Abdullayevin qənaətinə görə, Paşinyanın mövqeyinə regionda baş verən son proseslər, xüsusilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sərhədlərin açılması istiqamətindəki müzakirələr də təsir göstərə bilər:

“Rusiyanın da prosesə təsir imkanlarını qorumağa çalışmasını istisna etmirəm. Güman edirəm ki, Moskva Ermənistanın regional nəqliyyat layihələrində Rusiyanın maraqlarını nəzərə almasına çalışa bilər. Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin və TRIPP layihəsinin Ermənistan üçün yaratdığı imkanları düzgün qiymətləndirməlidir. Vaşinqtonda razılaşdırılmış çərçivədən yayınmaq və prosesə yeni şərtlər əlavə etmək İrəvanın maraqlarına uyğun deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir. Sülh müqaviləsinə ehtiyac Azərbaycandan daha çox Ermənistana var. Buna görə də Paşinyan sülh prosesini uzatmaqla və yeni maneələr yaratmaqla hansısa siyasi üstünlük əldə edəcəyini düşünürsə, yanılır. Bu cür yanaşma regionda etimadın möhkəmlənməsinə deyil, qarşılıqlı şübhələrin artmasına xidmət edir”.

Politoloq əlavə edib ki, Azərbaycan tərəfi sülhün qorunması və möhkəmləndirilməsi üçün prinsipial mövqeyini saxlamalıdır. Onun fikrincə, Ermənistanın konstitusiya məsələsini həll etmədən yekun sülh müqaviləsinin imzalanmasını uzun müddət təxirə salması prosesin gələcəyinə dair suallar yaradır:

“Paşinyan Fransa təcrübəsindən nəticə çıxarmalıdır. Fransada sosial-iqtisadi problemlər və hökumətin siyasətinə qarşı narazılıqlar siyasi sabitliyə təsir göstərir. Ermənistan da iqtisadi və sosial baxımdan həssas ölkə olduğundan, sülh prosesinin uzanması və regional imkanların itirilməsi ölkə daxilində narazılıqları artıra bilər. Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. Bu imkanların itirilməsi isə Ermənistanın iqtisadi vəziyyətinə və ictimai-siyasi mühitinə mənfi təsir göstərə bilər.

Paşinyan regional proseslərdə atdığı addımların nəticələrini düzgün hesablamalıdır. Sülh prosesi siyasi manipulyasiyaların predmetinə çevrilməməli, əldə olunan razılaşmaların icrası istiqamətində konkret addımlar atılmalıdır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın da maraqlarına uyğundur”.