Gürcü politoloq Gela Vasadze Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçirilən COP31 liderlər sammiti çərçivəsində görüşünün mümkünlüyünü gündəmə gətirib. Onun fikrincə, iki ölkə arasında sülh prosesində baş verən son dəyişikliklər fonunda liderlərin yenidən bir araya gəlməsi və mövqelərini uzlaşdırması üçün əlverişli fürsət yaranıb.
Politoloq hesab edir ki, hər iki liderin bəyan etdiyi əsas məqsəd xalqları üçün davamlı sülhə nail olmaq və gələcəkdə hərbi qarşıdurmanın təkrarlanmasına yol verməməkdir. Vasadzenin sözlərinə görə, regionda və dünyada siyasi vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında müharibənin yenidən baş verməməsi əsas prioritet olaraq qalmalıdır:“Bu gün əsas məsələ məhz budur – nə dostluq, nə Vahid Qafqaz Evi haqqında arzular, nə də möhtəşəm gələcəyin rəngarəng mənzərələri. Sadalananların hamısı reallaşa da bilər, reallaşmaya da. Davamlı sülhə nail olmaq isə bu günün birinci dərəcəli vəzifəsidir”.
Gela Vasadze vurğulayıb ki, sülh prosesində irəliləyiş əldə etmək üçün tərəflər illüziyalardan və əsassız iddialardan uzaq durmalı, xarici siyasi dəyişikliklərdən asılı olmayaraq, diqqəti əsas məqsədə – dayanıqlı sülhün təmin edilməsinə yönəltməlidirlər.
Mövzunu şərh edən politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi istisna deyil. Onun sözlərinə görə, hələlik bununla bağlı rəsmi məlumat olmasa da, COP31 sammiti çərçivəsində iki ölkə liderinin bir araya gəlməsi mümkündür. Politoloq qeyd edib ki, tədbir çərçivəsində bir sıra mühüm görüşlərin keçirilməsi nəzərdə tutulur və Əliyev-Paşinyan təması da bu baxımdan istisna təşkil etmir:
“Mümkün görüş sülh gündəliyinin daha da irəli aparılmasına töhfə verə bilər. O bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfinin üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməsi vacibdir və liderlərin görüşü bu məsələlərin həllinə də müsbət təsir göstərə bilər. Sülh müqaviləsi ilə bağlı məsələlər öz həllini tapdıqdan sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi də yenidən aktuallaşa bilər. Artıq Ermənistan ərazisində bu istiqamətdə müəyyən işlərin başlandığına dair məlumatlar var. Görüşdə tərəflər arasında etimad mühitinin formalaşdırılması, kommunikasiya xətlərinin açılması və birgə iqtisadi layihələrin həyata keçirilməsi məsələləri də müzakirə oluna bilər. Hazırda iki ölkə arasında müəyyən iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələrin genişləndirilməsi, xüsusilə tranzit imkanlarından istifadə və regional nəqliyyat bağlantılarının inkişafı istiqamətində fikir mübadiləsi aparılması mümkündür”.
Politoloq vurğulayıb ki, hazırkı mərhələdə əsas prioritet regionda davamlı və dayanıqlı sülhün təmin olunmasıdır. Onun sözlərinə görə, Azərbaycan hər zaman sülh gündəliyinə sadiq qalıb və bundan sonra da Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasında aparıcı rol oynamağa davam edəcək. Bu baxımdan, Ermənistanın da mümkün görüşdə iştirak etməsi və sülh prosesinə töhfə verməsi ilk növbədə öz maraqlarına uyğundur.
Zeynal Əmralıyev hesab edir ki, Nikol Paşinyan sülh prosesinin yekunlaşması üçün üzərinə düşən öhdəlikləri vaxt itirmədən yerinə yetirməli və zəruri addımları atmalıdır.