Paşinyanın Brüssel oyunu: Moskvanı təzyiq altında saxlamaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfəri və Aİ-yə üzvlüklə bağlı açıqlamaları beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyanın fikrincə, daha çox Moskva qarşısında İrəvanın “qiymətini qaldırmaq” cəhdi kimi qiymətləndirilə bilər.

Balasanyan hesab edir ki, Ermənistanın 2027 və ya 2028-ci illərdə Aİ-yə üzvlük üçün müraciət etməsi real görünmür. Onun sözlərinə görə, Aİ-nin genişlənmə sənədlərində 2030-cu ildən əvvəl hər hansı ölkənin üzvlüyü nəzərdə tutulmayıb. Bundan əlavə, Ermənistanın hazırda Aİ daxilində namizəd ölkə və ya dəvət olunmuş dövlət statusu yoxdur.

Sherg.az xəbər verir ki, ekspert Paşinyanın Brüssel səfərinin qarşıdakı Moskva səfəri və Ermənistan-Rusiya münasibətləri üzrə danışıqlar ərəfəsində Rusiyaya təzyiq göstərmək məqsədi daşıya biləcəyini istisna etməyib. Onun fikrincə, bu addım Moskva ilə münasibətləri daha da gərginləşdirə və gələcək danışıqları çətinləşdirə bilər.

Qeyd edək ki, Paşinyan Aİ siyasətinin Ermənistan üçün regiondan uzaqlaşmaq vasitəsi olmadığını bildirib. O, Türkiyə və Gürcüstanın Aİ-yə namizəd statusuna malik olduğunu vurğulayaraq, Ermənistanın da üçüncü namizəd ölkə olacağına ümid etdiyini deyib. Ermənistanın son məqsədinin Aİ-nin tamhüquqlu üzvü olmaq olduğunu bildirən Paşinyan gələcəkdə Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim edilməli olacağını da qeyd edib.