Paşinyanın hakimiyyətdə qalması Tiflisdəki mövcud siyasi kursla tam uzlaşmır - RƏY

"Gürcüstanın Rusiya ilə paralel şəkildə Ermənistana təzyiq etməsi regionda dəyişən geosiyasi reallıqlara uyğunlaşma çətinliyindən qaynaqlanır"

Rusiya Ermənistana təzyiqlərini artırır. Gürcüstan hökuməti isə 100-ə yaxın Ermənistan yük maşınının Rusiyaya keçidinə icazə vermir.

Siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bu addımın təkcə texniki gömrük məsələsi olmadığını, həm də siyasi mesaj xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, rəsmi Tiflis Azərbaycan–Ermənistan normallaşma prosesinin sürətlənməsi fonunda regiondakı tranzit rolunun zəifləməsindən narahatdır:

“Əgər Bakı və İrəvan arasında yekun sülh sazişi imzalanarsa, alternativ nəqliyyat marşrutlarının açılması Gürcüstanın strateji tranzit üstünlüyünü azalda bilər. Bu baxımdan, həm Rusiya, həm də Gürcüstan müəyyən məqamlarda Ermənistana təzyiq mexanizmlərində ortaq maraq nümayiş etdirə bilər. Seçkilər yaxınlaşdıqca Gürcüstan hakimiyyətinin Ermənistanda daxili narazılığı artıracaq addımlara üstünlük verməsi istisna deyil. Çünki Nikol Paşinyanın hakimiyyətdə qalması Tiflisdəki mövcud siyasi kursla tam uzlaşmır. Bidzina İvanaşvilinin təsiri altında olan “Gürcü Arzusu” hökuməti Rusiya ilə münasibətləri normallaşdırmağa çalışarkən Qərblə müəyyən konfrontasiya xəttinə daxil olub. Eyni zamanda, Qərbin Tiflisdəki bəzi təsisatlarını Ermənistana yönəltməsi və buradan Gürcüstan vətəndaş cəmiyyəti ilə işləməsi də rəsmi Tiflisi narahat edən amillər sırasındadır. Gürcüstanın Rusiya ilə paralel şəkildə Ermənistana təzyiq etməsi regionda dəyişən geosiyasi reallıqlara uyğunlaşma çətinliyindən qaynaqlanır”.

M. Əsədullazadə qeyd edib ki, Gürcüstan gömrük rəsmiləri Ermənistan daşıyıcılarına Azərbaycan ərazisi üzərindən Rusiyaya çıxışı tövsiyə edirlər:

“Bunu rişxəndlə desələr də, regionda logistika və siyasi balansın yenidən formalaşdığını göstərir”.