Paşinyanın ofisi Araz çayı ilə bağlı xəbəri təkzib etdi

Ermənistan Baş naziri Nikol Paşinyanın Araz çayının su ehtiyatlarının müstəsna istifadə hüquqlarının bir hissəsini Türkiyəyə verməyə razılaşdığı barədə iddia həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Sözçü türkiyəli jurnalist Okay Depremin bu barədə iddiasını “dezinformasiya və saxta məlumat” adlandırıb.

Okay Depremin “Evrensel”də nəşr olunan məqaləsində deyilir ki, Nikol Paşinyanın Araz çayının su ehtiyatlarının müstəsna istifadə hüquqlarının bir hissəsini ödənişsiz Türkiyəyə verməyə razılaşdığı barədə məlumat var:

“İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə imzalanması planlaşdırılan razılaşma çərçivəsində Türkiyəyə Araz çayının Ermənistandan keçən hissəsində bir neçə bənd və hidroelektrik stansiya inşa etmək hüququnun veriləcəyi qeyd edilir. Mümkün razılaşma burada Türkiyəyə məhdudiyyətsiz istifadə hüququ tanıya bilər.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə olunan məlumata görə, Araksavan və Burastan arasında Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün tikilməsi nəzərdə tutulan bəndin dəyəri 1 milyon dollar olacaq”.