Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Ankaranın vasitəçilik təşəbbüsünü gözləmək lazımdır.
Sherg.az xəbər verir ki, Peskov bu barədə “Vesti” informasiya agentliyinə açıqlamasında danışıb.
“Bu, türkiyəli dostlarımızın nə təklif edəcəyindən asılıdır. Gəlin, bu görüşü gözləyək və vəziyyətin necə inkişaf edəcəyini anlayaq”, - deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, avqustun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı həm Moskva, həm də Kiyevlə təmasda olduğunu açıqlayıb.
Fidan bildirib ki, gəmilərin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması yalnız Qara dəniz üçün deyil, qlobal ərzaq təhlükəsizliyi baxımından da ciddi problem olaraq qalır.
Məsələ son günlər Qara dənizdə baş verən hadisələr fonunda xüsusi aktuallıq qazanıb. Avqustun 26-na keçən gecə Türkiyə şirkətinə məxsus, Kamerun bayrağı altında üzən “Lider Bordo Mavi” yük bərəsinə Qara dənizdə üç Ukrayna dronunun hücum etdiyi bildirilir. Hücum nəticəsində gəmidə yanğın baş verib, ekipajın beş üzvü yaralanıb.
Belə bir şəraitdə Ankaranın Moskva və Kiyevlə paralel təmasları Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin olunması və Ukrayna münaqişəsinin nizamlanması istiqamətində mümkün vasitəçilik rolunu yenidən gündəmə gətirir.