- Oqtay Qasımov: “İranda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən qruplar var”
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb,hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Görüşü şərh edən politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, Şahin Mustafayevin İrana səfəri və keçirdiyi görüşlər Azərbaycan-İran münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra iki ölkə prezidentləri arasında qarşılıqlı etimada əsaslanan konstruktiv və səmimi dialoq formalaşıb:
“Azərbaycan tərəfi İranla mövcud məsələlərin və problemlərin danışıqlar yolu ilə həllinə, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinə çalışır. İran rəhbərliyinin, xüsusilə də Pezeşkianın mövqeyində də bu istiqamətdə siyasi iradənin olduğu görünür. İranda hakimiyyətin müxtəlif siyasi və institusional mərkəzlərdən ibarət olması münasibətlərin inkişafına təsir edən amillərdəndir. Bu strukturların heç də hamısı Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. İranda müəyyən təsir və gücə malik qruplar var ki, Azərbaycanla münasibətlərin normallaşmasını istəmirlər, ölkəmizə düşmən münasibət bəsləyir və bu yanaşmanı İran cəmiyyətinə də aşılamağa çalışırlar”.
Politoloq qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin normallaşması uzunmüddətli və mərhələli proses olacaq. Onun sözlərinə görə, son müharibə dövründə İranda bəzi qrupların Azərbaycana qarşı səsləndirdiyi iddialar da mövcud fikir ayrılıqlarının tam aradan qalxmadığını göstərib: “Prezident Məsud Pezeşkian, eləcə də İranın xarici işlər naziri Azərbaycanın İrana göstərdiyi dəstəyi yüksək qiymətləndirib və iki ölkə arasında normal münasibətlərin vacibliyini dəfələrlə qeyd ediblər. Qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər tərəflər arasında etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bunu hələlik münasibətlərdə yeni mərhələ kimi qiymətləndirmək olmaz. Hazırda biz münasibətlərin normallaşması və yeni mərhələyə keçid istiqamətində müəyyən addımların atıldığını görürük. Ümid edirik ki, bu proses qarşılıqlı etimadın möhkəmlənməsinə və münasibətlərin yeni mərhələyə keçməsinə gətirib çıxaracaq”.
O. Qasımov əlavə edib ki, İranın siyasi sistemində prezidentlik institutu dövlət siyasətinin formalaşmasında həlledici rol oynamır. Onun sözlərinə görə, bu səbəbdən Pezeşkianın mövqeyi müəyyən təsirə malik olsa da, dövlət siyasətini tam müəyyənləşdirmir:
“İranda mülki və hərbi siyasətçilər arasında proseslərə yanaşmada ciddi fərqlər var. Azərbaycan-İran münasibətlərini qiymətləndirərkən bu amili mütləq nəzərə almaq lazımdır”.