“Sistemli islahat yoxdursa, bu tip addımlar effekt verə bilməz”
İran Prezidenti Məsud Pezeşkian aylıq 1000 dollar maaş aldığını açıqlayıb. Bu barədə o, Gülüstan vilayətində tibb məsələlərinə həsr olunmuş iclasda bildirib.
“Əvvəllər normal pul verilirdi, maaş 6 min dollar idi. Amma indi prezident olaraq 1000 dollar maaş alıram”, - o deyib.
Politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında bu addımın arxasında siyasi-psixoloji amillər dayandığını bildirib:
“Hazırda İran çox ciddi iqtisadi böhran yaşayır: milli valyuta sürətlə dəyər itirir, inflyasiya yüksək həddədir, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Belə bir şəraitdə prezident maaşının azaldılması böhranın miqyasını göstərən simvolik bir göstərici kimi dəyərləndirilə bilər. Bu addımın cəmiyyətin narazılığını yumşaltmaq və sosial gərginliyi azaltmaq məqsədi daşıdığı da istisna deyil. Hakimiyyət belə jestlərlə xalqla həmrəylik görüntüsü yaratmağa və etiraz potensialını zəiflətməyə çalışır”.
Ekspert əlavə edib ki, İranda bəzi prezidentlər həqiqətən də sadə adamlar olublar:
“Məsələn Mahmud Əhmədinejadın, Pezeşkianın çoxlu var-dövləti olmayıb. Amma ümumilikdə isə düşünürəm ki, bu qərar təkcə maliyyə qənaəti ilə izah oluna bilməz. Daha çox siyasi və psixoloji məna daşıyan, cəmiyyətə ünvanlanmış mesaj xarakteri daşıyır. Lakin iqtisadi problemlər sistemli islahatlar olmadan həll edilmədikcə, bu tip simvolik addımlar uzunmüddətli effekt verməyəcək və sosial narazılıqların qarşısını almaqda yetərli olmayacaq”.