Prezident İlham Əliyevin mükafatı Qafqazda sülh təşəbbüslərinin beynəlxalq tanınmasıdır - TƏHLİL

“‘Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycanın regional nüfuzunu möhkəmləndirdi”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.

Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.

Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə yüksək diplomatik jest deyil, eyni zamanda Azərbaycanın son illər həyata keçirdiyi strateji sülh siyasətinin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Bu mükafat hərbi qələbəni revanşizmə deyil, dayanıqlı sülhə yönəltməyi bacaran liderlik modelinə verilən açıq qiymətdir.

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni regionda yeni geosiyasi qarşıdurma mərhələsinə deyil, əməkdaşlıq və sabitlik imkanına çevirməyə çalışır. Müharibədən sonra səsləndirilən “Bizim intiqamımız quruculuqdur” tezisi təkcə daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə ünvanlanan strateji mesaj idi. Bu yanaşma sülhü güc yolu ilə deyil, siyasi iradə və məsuliyyətlə qorumaq xəttini ortaya qoydu.

“Böyük Qayıdış” proqramı bu siyasətin praktik təzahürüdür. Uzun illər işğal altında qalmış ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması Azərbaycanın postmünaqişə dövrünü yalnız təhlükəsizlik prizmasından deyil, humanitar və sosial ədalət kontekstində dəyərləndirdiyini göstərir. Bu, müasir dünyada nadir hallarda rast gəlinən, müharibədən sonra barış və yenidənqurma modelidir.

İlham Əliyevin regional sülh təşəbbüsləri də diqqətəlayiqdir. Azərbaycan Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və qarşılıqlı asılılığın artırılması yolu ilə münaqişə risklərini minimuma endirməyə çalışır. Bu siyasət göstərir ki, Bakı üçün əsas prioritet qalibin diktəsi deyil, sabitliyin təmin edilməsidir. Məhz bu yanaşma regionu uzunmüddətli qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirməyi hədəfləyir.

Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı da mahiyyət etibarilə xalqlar arasında dialoqu, qarşılıqlı hörməti və birgəyaşayışı təşviq edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın sülh gündəliyinin yalnız regional deyil, qlobal dəyərlərlə uzlaşdığını təsdiqləyir. Bu, beynəlxalq ictimaiyyətin Bakının postmüharibə strategiyasına verdiyi siyasi və mənəvi dəstək kimi də qiymətləndirilə bilər.

İlham Əliyevin liderliyi altında Azərbaycan güc amilini sülhün təminatçısına çevirməyi bacaran nadir nümunələrdən biridir. Bu mükafat bir daha göstərir ki, Azərbaycanın seçdiyi yol revanşizm yox, barış; dağıntı yox, quruculuq; təcrid yox, əməkdaşlıq yoludur. Məhz buna görə də Prezident İlham Əliyevin siyasəti bu gün regiona sülh gətirən real və qəbul edilən model kimi beynəlxalq səviyyədə dəyərləndirilir.

Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq nüfuzunun yeni təsdiqi kimi dəyərləndirilə bilər: “Bu mükafat, yalnız fərdi liderlik keyfiyyətlərinin deyil, həm də ölkənin son illərdə regionda sülhün bərqərar olunmasına verdiyi töhfələrin tanınmasıdır. Qafqazda uzun illər davam edən münaqişənin diplomatik həll yoluna qədəm qoyulması, Azərbaycanı təkcə enerji və iqtisadi gücü ilə deyil, həm də barışıq təşəbbüsləri ilə ön plana çıxarır. Əliyevin bu mükafata layiq görülməsi, Azərbaycanın sülh gündəminin beynəlxalq miqyasda qəbul edildiyini göstərir. Bu, həm də ölkənin regional liderlik rolunu möhkəmləndirir: Azərbaycan artıq yalnız iqtisadi layihələrin mərkəzi deyil, həm də siyasi sabitlik və əməkdaşlıq platforması kimi tanınır. Mükafat, Azərbaycanın diplomatik xəttinin – milli maraqları qorumaqla yanaşı, regionda birgəyaşayış və əməkdaşlığı təşviq etməsinin – beynəlxalq səviyyədə təsdiqi kimi çıxış edir.  Bu hadisə həm daxili, həm də xarici siyasət baxımından simvolikdir. Daxildə, Azərbaycan cəmiyyətinə sülhün və sabitliyin dövlət strategiyasının mərkəzində olduğunu göstərir. Xaricdə isə, ölkənin imicini “münaqişədən sülhə” keçid nümunəsi kimi təqdim edir. Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın diplomatik uğurlarının və İlham Əliyevin liderlik vizyonunun qlobal miqyasda tanınmasının bariz göstəricisidir”.