“Ağdam viran qoyulmuş şəhərdən Azərbaycanın müasir incisinə çevrilir”
“Qarabağ və Şərqi Zəngəzurda tikilən şəhərlər erməni vandallığına ən böyük cavabdır”
Prezident İlham Əliyevin Ağdamın 2-ci yaşayış kompleksinin açılışındakı çıxışı işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qətiyyətli dövlət siyasətinin davamlılığının təsdiqidir. Uzun illər ərzində "Qafqazın Xirosiması" adlandırılan Ağdam bu gün dirçəlir, həyat qayıdır və Azərbaycan xalqının iradəsinin gücü öz real təcəssümünü tapır.
Prezidentin nitqində ilk növbədə Ermənistanın işğal dövründə apardığı məqsədyönlü talançılıq siyasəti xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, Ağdam urbisidə məruz qalıb. Bu, Ermənistan dövlətinin Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçiliyinin açıq təzahürü olub. Məqsəd təkcə torpağı işğal etmək olmayıb. Məqsəd bu ərazilərdə Azərbaycanın varlığını silmək, tarixi irsi məhv etmək, bölgəni yaşayışsız və yararsız məkana çevirmək olub: "İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır".
İşğalın başlanğıcından etibarən mədəni irs yerləri dağıdılıb, məscidlər təhqir olunub, tarixi abidələr məhv edilib. Tikililər sökülərək Ermənistana daşınıb, hətta metal qırıntısına qədər talan edilib. Təbii sərvətlər, meşələr, yeraltı resurslar, qızıl və digər yataqlar sistemli şəkildə istismar edilib. Bütün bunlarla yanaşı, Ermənistan həmin əraziləri kütləvi şəkildə minalayıb. Məqsəd aydın olub, gələcəkdə keçmiş məcburi köçkünlərin geri dönüşünün qarşısını almaq. İşğaldan sonra azad edilmiş torpaqlarda mina qurbanlarının sayı bu cinayətkar siyasətin acı nəticəsi olub. Üstəlik, bəzi Qərb şirkətlərinin bu qanunsuz fəaliyyətdə iştirak etməsi və indiyədək onlara qarşı hər hansı real tədbirin görülməməsi beynəlxalq ikili standartların bariz nümunəsi kimi yadda qalıb.
Millət vəkili Rasim Musabəyov Sherg.az bildirib ki, Prezident İlham Əliyev illər boyu bütün bayram günlərində, eyni zamanda hər ad günündə ya keçmiş məcburi köçkünlər düşərgəsində olurdu və onlara deyirdi ki, biz öz torpaqlarımıza qayıdacağıq. Deputat vurğulayıb ki, cənab Prezident xalqa verdiyi sözü tutdu, vədini reallaşdırdı:
"Torpaqlarımızın 30 illik işğaldan sonra geri qaytarılması tarixi hadisə idi. Açıq danışaq, bir çoxları bunun tam həyata keçirilməsinə inanmırdı. Ancaq yuxu kimi gördüyümüz hadisələr həqiqət oldu və hazırda işğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır, insanlar köç edirlər. Cənab Prezident də ənənəvi qaydada öz rəhbərliyi altında görülən işlərə yerində nəzarət edir, prosesi izləyir, tapşırıqlarını verir. Əgər Prezident bir məsələdə birbaşa özü iştirak edirsə, o məsələ ən yüksək səviyyədə həllini tapır. Qarabağ və Şərqi Zəngəzurda bütün tikintilər, qurulan infrastrukturlar hamısı ən müasir standartlara cavab verəcək şəkildə həyata keçirilir. Bu gün Qarabağda şəhərlərimiz ən gözəl və müasir şəkildə yenidən qurulur. Tikinti işləri başa çatandan sonra Ağdam Azərbaycanın ən müasir və ən gözəl yaşayış məskənlərindən biri olacaq. Cənab Prezident vurğulayıb ki, Ağdamı tamamilə yer üzündən silmişdilər, viran qoymuşdular. Ermənilər Ağdamdan sanki qisas alıblar ki, heç zaman bu şəhər dirçəlməsin, bərpa edilməsin. Amma Ağdama həyat qayıdıb. Əminəm ki, Ağdam vaxtı ilə daşıdığı Qarabağın "paytaxtı" statusunu tezliklə daha cazibədar şəkildə özünə qaytaracaq". 
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, Prezident özəl günlərdə, bayramlarda mütləq keçmiş məcburi köçkünlərin arasında olur, onlara öz doğma yurdlarına qayıdacaqlarını deyirdi. Hətta ümidsizliyə düşən insanlara belə ümid aşılayırdı: "Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda insanlarla görüşündə, evlərə baş çəkəndə görürsən ki, cənab Prezident öz yurdlarına dönən sakinlərdən daha çox sevinir. Biz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan gördüksə, müharibədən sonrakı dönəmdə cənab Prezidentin atdığı addımlara nəzər saldıqda isə Müzəffər Ali Baş Diplomat görürük. Bu mənzərə 8 avqust tarixində Vaşinqtonda bir daha üzə çıxdı. Qarabağ və Şərqi Zəngəzurda gedən bütün işlərin başında da dövlət başçısı durur. Orada bütün işlər planlı gedir. Prezident 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan etdi və cəmi bir neçə gündən sonra Qarabağda şəhərsalmanın ən gözəl örnəklərinin açılışını reallaşdırdı. Ağdamda ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə köçürüləcək. Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksdə idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Bunlar göstərir ki, hər şey çox dəqiqliyi ilə düşünülüb və icra olunmaqdadır. Cənab Prezident qeyd etdi ki, Ağdam ölkənin 4-cü sənaye şəhəri olacaq. Ağdam sənaye parkı fəaliyyətə başladığı müddətdə 1 milyard dollara yaxın məhsul istehsal edib. O məhsulun 35 milyon dolları artıq ixrac olunub. Heç nə diqqətdən qaçmır, infrastruktur yaradılır, insanların rahat yaşaması üçün bütün zəruri şərait qurulur. Ümumiyyətlə, müasir şəhər quruculuğunda nələr varsa, hamısı həyata keçirilir. Əslində, bu quruculuq erməni vəhşiliyinə qarşı ən böyük qisasdır. Göstəririk ki, sizin bacardığınız dağıtmaq, viran qoymaq, təhqir etməkdir, biz isə qurub, yaradırıq. Ermənistan və havadarları elə zənn edirdilər ki, biz öz torpaqlarımızı azad edə bilməyəcəyik, ora qayıtmayacağıq. Amma biz bu gün öz torpaqlarımızdayıq və dünyanın gözü qarşısında qurub-yaradırıq".