ABŞ, Rusiya və Çin prezidentləri Donald Tramp, Vladimir Putin və Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə CNN Ağ Evin nümayəndəsi Oliviya Ueylsə istinadən məlumat yayıb.
Liderlərin tarixdə ilk dəfə baş tutacaq görüşündə nüvə silahlarına nəzarət və tərksilah məsələlərinin müzakirəsi gözlənilir. Bununla belə, ABŞ rəsmiləri hər hansı razılaşmanın əldə olunacağını gözləmədiklərini bildiriblər. Onların fikrincə, görüş liderlər səviyyəsində dialoqun başlanğıcı olacaq.
CNN xatırladır ki, Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının azaldılmasına dair müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatıb. Çin isə nüvə arsenalını genişləndirməkdə davam edir.
“New York Post”un məlumatına görə, tərəflər ABŞ-ın İrana qarşı müharibəsini və Şimali Koreya ətrafındakı vəziyyəti də müzakirə edə bilərlər. Ukrayna münaqişəsinin isə danışıqların gündəliyinə daxil ediləcəyi gözlənilmir.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Putin, Tramp və Si Cinpin arasında belə bir görüşün keçirilməsi ehtimalını istisna etməmişdi.