Rusiya Prezidenti Vladimir Putin Ukraynanın vəziyyətinin bir sıra mühüm istiqamətlər üzrə kritik həddə çatdığını bildirib. Onun sözlərinə görə, Kiyev mümkün fəlakətin qarşısını almaq üçün vasitəçilər üzərindən sülh təklifləri ilə çıxış etməyə başlayıb.
Sherg.az xəbər verir ki, Putin bunu “VGTRK” jurnalisti Pavel Zarubinlə söhbəti zamanı deyib.
Putin Rusiyanın Ukraynaya qarşı intensivləşən zərbələrinin əsas məqsədinin cəbhədəki Rusiya hərbçilərinin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə kömək etmək olduğunu bildirib. Onun sözlərinə görə, zərbələr texnika və sursatların çatdırılmasına, şəxsi heyətin rotasiyasına və müdafiə sənayesi müəssisələrinin fəaliyyətinə təsir göstərir.
Rusiya lideri Kiyevin Rusiyaya qarşı 40 gün ərzində “strateji məğlubiyyət” yaşatmaq məqsədi güddüyünü iddia edib. O, Ukraynanın Rusiyanın iqtisadiyyatını və logistikasını hədəfə aldığını bildirib.
Putin Rusiyanın Ukraynanın iqtisadiyyatına və logistikasına yönəlmiş hücumlarına cavab verdiyini deyib:

“Kiyev rejimi iqtisadiyyatımıza zərər vurmağı qarşısına məqsəd qoydu. Nə etdi? Pandora qutusunu özü açdı.”
Putin Rusiyanın Ukraynanın xüsusilə həssas iqtisadi sahələrinə zərbələri davam etdirəcəyini bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiyanın cavab tədbirləri Kiyev üçün “olduqca həssas” nəticələr doğurub və Ukrayna hakimiyyəti vəziyyətdən çıxmaq üçün vasitəçilər vasitəsilə sülh təklifləri göndərməyə başlayıb.
Putin bildirib ki, Moskva sülh danışıqlarına hazırdır, lakin bunun “yerdə formalaşan reallıqlar” əsasında aparılmasını istəyir.
Ukrayna və Avropa diplomatlarının Rusiya zərbələrinin qlobal ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıqlarına toxunan Putin Rusiyanın böyük ixrac potensialına malik olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixrac potensialı 60 milyon tondan az deyil və Moskva öz məhsullarının dünya bazarlarına çıxarılması ilə bağlı problemləri həll edəcək.