Putin xəbər alıb: “Türk axını” və “Mavi axın” kəmərləri partladıla bilər

Rusiya Prezidenti Vladimir Putin “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin mümkün partladılması ilə bağlı məlumatların olduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, dövlət başçısı bu barədə çərşənbə axşamı Rusiya Federal Təhlükəsizlik Xidməti kollegiyasının iclasında çıxışı zamanı danışıb.

Putin bildirib ki, əməliyyat məlumatlarına əsasən, Qara dənizin dibi ilə keçən Rusiya qaz sistemlərinə qarşı mümkün partlayış planları ilə bağlı informasiya daxil olub:

“Hazırda əməliyyat məlumatları var. KİV-də dərc olunmalı idi, yəqin ki, artıq yayılıb. Söhbət Qara dənizin dibi ilə keçən qaz sistemlərimizin - ‘Türk axını" və "Mavi axın"ın mümkün partladılmasından gedir”, – deyə o vurğulayıb.

"Mavi axın" Rusiyadan təbii qazın Qara dəniz vasitəsilə, üçüncü ölkələri kənar keçməklə Türkiyəyə nəqlini təmin edir.

"Türk axını" isə Rusiyadan Türkiyəyə uzanan ixrac qaz kəməridir. Kəmərin iki xəttindən birincisi Türkiyə bazarı üçün nəzərdə tutulub, ikinci xətt isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatını təmin edir.

Hazırda məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.