Rusiya ABŞ-nin Venesueladakı hərbi əməliyyatı və Prezident Nikolas Maduronun devrilməsini pisləyib. Kremlın ritorikası Maduro rejimi ilə möhkəm tərəfdaşlığını əks etdirir.
Teleqraf xəbər verir ki, bunu “The Telegraph” qəzetinin analitiki Samuel Ramani deyib.
“Amma bu, Moskvanı narahat edən başqa həqiqəti də üzə çıxardı. Maduronun alçaldıcı şəkildə devrilməsi Rusiyanın beynəlxalq nüfuzu və Latın Amerikasında təsir imkanlarına sarsıdıcı zərbə vurdu.
2015-ci ildə Suriyada o zamankı prezident Başar Əsədin xeyrinə həyata keçirilən hərbi müdaxilədən etibarən Rusiya özünü böhran içində olan avtoritar rejimlər üçün etibarlı tərəfdaş kimi təqdim edirdi. Amma 2024-cü ilin dekabrında Əsədin devrilməsi və 2025-ci ilin iyununda İran-İsrail müharibəsi zamanı Rusiyanın hərəkətsizliyi bu illuziyanı şübhə altına alarkən, Maduronun sürətli çöküşü isə bunu tamamilə məhv etdi”, - ekspert bildirib.
Ramani qeyd edib ki, Kremlin təbliğatçıları əvvəllər tez-tez Venesueladakı Rusiya PUA sistemlərinin ABŞ-nin aqressiyasını dayandırması ilə öyünürdülər, amma proqnozlar özünü doğrultmadı:
“Rusiyanın S-300 və S-400 sistemləri İsrailin Suriya və İrana hücumlarını qarşısını da ala bilmədi, Rusiyanın öz hava məkanı isə müntəzəm olaraq Ukrayna PUA-larının hücumlarına məruz qalır. Nəticədə, Rusiya hava hücumundan müdafiə sistemlərinə etimad rekord səviyyədə aşağı düşüb.
Bu, Rusiyanın müharibədən sonrakı dövrdə silah tədarükçüsü kimi nüfuzunu bərpa etmək səylərinə mane ola və Moskvanın əvvəllər etibarlı alıcıları, məsələn, Hindistan üzərində təsirini zəiflədə bilər”.
Analitik əlavə edib ki, Venesuela regiondakı Rusiya təsirinin əsas təməl daşlarından biri idi:
“Rusiyanın enerji nəhəngi “Rosneft” ABŞ-nin Venesuelaya tətbiq etdiyi sanksiyalardan yararlanırdı, Maduro rejiminin məmurları isə iddiaya görə, Rusiya “kölgə donanması” ilə gizli əməkdaşlıq edirdilər. Rusiya Trampın hərəkətinə qarşı anti-Amerika reaksiyasından regional təsirini gücləndirmək üçün istifadə edə bilər, amma indi Kremlın mövqeyi Kuba və Nikaraqua ilə daha zəif tərəfdaşlıq əlaqələrinə bağlıdır. Maduronun devrilməsi ilə ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə alçaldıcı zərbə vurdu. Bu, Trampın Rusiya diktatorunu Ukraynada müharibəni dayandırmağa məcbur etmək səylərində əzələ nümayişi oldu”.