- “İstanbul formatına beynəlxalq dəstək verilməlidir”
- "İlkin mərhələdə Ərdoğanın, hətta Trampın da iştirakı ilə üçtərəfli və ya dördtərəfli görüşün keçirilməsi mümkündür"
Türkiyə Ukrayna üzrə danışıqlarda tərəfləri təmkinli olmağa və prosesi poza biləcək təxribatlardan çəkinməyə çağırıb.“RİA Novosti”nin Türkiyə hökumətindəki mənbəyə istinadən verdiyi xəbərə görə, əsas məqsəd danışıqların pozulmasına və tərəflərin yeni eskalasiyaya sürüklənməsinə imkan verməməkdir.
Mənbə bildirib ki, danışıqlar prosesi sakit və işgüzar şəraitdə davam etməli, diplomatik təmasların qorunması üçün mövcud imkan itirilməməlidir.
Qeyd edək ki, Rusiya daha əvvəl Ukrayna böhranının nizamlanması ilə bağlı öz yanaşmalarını Türkiyə tərəfinə təqdim edib.
Mövzunu Sherg.az-a şərh edən politoloq Zeynal Əmralıyev Türkiyənin Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində vasitəçilik səylərini yenidən aktivləşdirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, hazırda əsas problem tərəflərin bir-birinə qarşı kifayət qədər sərt və maksimalist mövqedən çıxış etməsidir:
“Rusiya tərəfi Ukraynanın ümumilikdə Donbas bölgəsindən tamamilə çıxmasını tələb edir. Yəni söhbət yalnız Rusiyanın nəzarətində olan ərazilərdən deyil, işğal etmədiyi bəzi ərazilərin də Ukraynadan tələb olunmasından gedir. Ukrayna isə öz növbəsində Rusiyanın bütün ərazilərindən tamamilə çıxmasını tələb edir.
Türkiyə indiyədək bir sıra humanitar məsələlərin həllində mühüm nəticələr əldə edib. İstər taxıl sazişi, istərsə də əsirlərin mübadiləsi ilə bağlı proseslərdə Ankaranın vasitəçiliyi əhəmiyyətli rol oynayıb. Eyni zamanda, Qazaxıstan məsələsində keçmiş “Azov” batalyonunun döyüşçülərinin geri qaytarılması da Türkiyənin vasitəçiliyi və iradəsi ilə mümkün olub. Halbuki Rusiya tərəfi həmin şəxslərin geri qaytarılmayacağını dəfələrlə bəyan etmişdi. Buna baxmayaraq, Türkiyənin diplomatik səyləri nəticəsində onlar geri qaytarıldı”.
Politoloq hesab edir ki, bu məsələdə Ankaranın mövqeyi və ümumilikdə İstanbul formatı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Türkiyənin vasitəçilik missiyasının daha da gücləndirilməsinə və İstanbul formatına beynəlxalq səviyyədə daha geniş dəstəyin göstərilməsinə ehtiyac var: “ABŞ və Avropa ölkələri münaqişənin həllində real irəliləyiş əldə olunmasını istəyirlərsə, İstanbul formatını dəstəkləməli və Türkiyənin vasitəçilik imkanlarının genişlənməsinə şərait yaratmalıdırlar. Bu, formatın beynəlxalq nüfuzunun artmasına və Rusiya-Ukrayna danışıqlarının daha irəli mərhələyə keçməsinə mühüm töhfə verə bilər”.
Z. Əmralıyev bildirib ki, hazırda Moskva Putinlə Zelenski arasında görüşün yalnız Rusiyada, xüsusilə də Moskvada keçirilməsini mümkün variant kimi təqdim edir:
“Bu isə Rusiyanın liderlər səviyyəsində birbaşa görüşə maraqlı olmadığını göstərən mövqe kimi qiymətləndirilə bilər. Halbuki belə bir görüşün İstanbulda keçirilməsi daha real və konstruktiv formatdır.
İlkin mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, hətta ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə üçtərəfli və ya dördtərəfli görüşün keçirilməsi mümkündür. Daha sonra isə Putinlə Zelenskinin təkbətək görüşünün təşkili nəzərdən keçirilə bilər. Bu baxımdan Türkiyənin vasitəçilik səyləri xüsusi əhəmiyyət daşıyır və Ankaranın diplomatik təşəbbüslərinə beynəlxalq səviyyədə daha güclü dəstəyin göstərilməsinə ehtiyac var”.