Qarabağda artıq təkcə bərpa yox, davamlı inkişaf mərhələsi başlayıb - ŞƏRH

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Xatırladaq ki, dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində çıxış edərək, bölgədə davamlı inkişafın təmin olunması, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi və Ağdamın yenidən qurulması istiqamətində görülən işlərdən danışıb. Nitq həmçinin regionun sosial-iqtisadi inkişafına və vətəndaşların rifahına göstərilən diqqəti əks etdirib.

Cənab Prezident çıxışında vurğulayıb ki, işğal dövründə Ağdam urbisidə məruz qalıb. Bu, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü düşmənçilik siyasətinin açıq və bariz nümunəsi idi. Dövlət başçısı bildirib ki, işğalçı tərəfin əsas məqsədi talançılıqla yanaşı, bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi tamamilə məhv etmək, şəhər və kəndləri yerlə-yeksan edərək həmin torpaqları yaşayış üçün yararsız hala salmaq olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə yüksək səviyyəli təşəbbüslər irəli sürmüş və ərazilərin azad olunması üçün möhtəşəm əməliyyatlar həyata keçirib. 2020-ci ilin Vətən müharibəsi, həm hərbi, həm də siyasi baxımdan Azərbaycan üçün tarixi bir dönüş nöqtəsi olub. Prezident İlham Əliyev dövlətin vətəndaşlarını vahid ideya ətrafında birləşdirərək, həm də beynəlxalq diplomatiyada mühüm rol oynayaraq, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə uğurla çatdırıb.

Beş il ərzində Prezident İlham Əliyevin güclü siyasi iradəsi və strateji planlaşdırması sayəsində Azərbaycan həm hərbi əməliyyatlarda, həm də sonrasındakı yenidənqurma və inkişaf proseslərində mühüm addımlar atıb. Azərbaycan dövləti öz ərazilərini azad etməklə, yalnız torpaqlarını deyil, həm də regional təhlükəsizliyi təmin edən bir müttəfiq kimi beynəlxalq aləmdə mövqeyini gücləndirib.

Vətən müharibəsinin nəticələri yalnız torpaqların fiziki azad edilməsi ilə kifayətlənməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə “Böyük Qayıdış” prosesi çərçivəsində yeni şəhərlər, kəndlər və infrastrukturlar qurulmağa başlayıb. Bu, yerli əhalinin öz torpaqlarına qayıtmasını təmin edib. Beynəlxalq şirkətlər Azərbaycanın bu ərazilərdə işğaldan əvvəlki vəziyyətə qayıdışını dəstəkləmək üçün mühüm layihələr həyata keçirib. Beləliklə, azad edilmiş ərazilərdə həyatın bərpası, infrastrukturların tikintisi və vətəndaşların öz yurdlarına qayıdışı üçün genişmiqyaslı layihələr həyata keçirilməyə başlanıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız infrastruktur və iqtisadiyyatın bərpasına yönəlməmiş, eyni zamanda regionun təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji balansın qorunması və müasir idarəetmə standartlarının tətbiqinə də böyük önəm verilib. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, həm milli iradənin gücünü, həm də dövlətin strateji baxışının effektivliyini nümayiş etdirərək, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına tam inteqrasiyasına zəmin yaradıb.

Bütün bu fəaliyyətlər Prezident İlham Əliyevin bölgənin bərpası və inkişafı ilə bağlı konkret strateji baxışının nəticəsidir. Qarabağ və Şərqi Zəngəzur bu gün yeni həyatına qədəm qoyur və rabitə infrastrukturu, həmin həyatın əsas dayaqlarından biridir. İnfrastrukturun bərpası, ekoloji balansın qorunması, müasir şəhərsalma konsepsiyalarının tətbiqi və insanların təhlükəsiz şəkildə geri qayıtması üçün görülən tədbirlər, Azərbaycanın bu regionları yalnız iqtisadi baxımdan deyil, həm də sosial və təhlükəsizlik baxımından daha da gücləndirməsinə imkan yaradır. Bu proseslər nəticəsində Qarabağ və Şərqi Zəngəzur həm iqtisadi, həm də sosial sahələrdə Azərbaycanın ən müasir bölgələrinə çevrilir və Azərbaycan dövləti ərazisinin tam bərpasına doğru irəliləyir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən hər bir layihə və bərpa işi, yalnız dövlətin ərazi bütövlüyünün bərpasını deyil, həm də regionun sosial-iqtisadi inkişafını dəstəkləyir. Bu, Prezident İlham Əliyevin güclü liderliyi və strategiyasının nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

İqtisadçı ekspert Xalid Kərimli Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidən qurma siyasəti regionun sosial-iqtisadi inkişafına mühüm töhfələr verib. Onun sözlərinə görə, bu dövrdə infrastruktur layihələrinin genişləndirilməsi, yeni yaşayış komplekslərinin, yolların və sosial obyektlərin tikilməsi bölgədə həyat səviyyəsinin yüksəlməsinə, investisiya mühitinin yaxşılaşmasına və iş yerlərinin yaradılmasına şərait yaradıb. Eyni zamanda, Prezidentin strategiyası regionda davamlı inkişafı təmin etməklə həm də tarixi və mədəni irsin bərpasına yönəlib, beləliklə, Qarabağ və Şərqi Zəngəzur uzunmüddətli perspektivdə sabit və cəlbedici iqtisadi məkana çevrilib: “İşğaldan azad olunmuş ərazilərdə son 5 il ərzində yenidənqurma və bərpa işlərinə böyük həcmdə maliyyə vəsaiti yönəldilib və bu proses mərhələli şəkildə davam etdirilir. Təkcə 2025-ci il ərzində sözügedən ərazilərdə bərpa və yenidənqurma işlərinə təxminən 22 milyard manat vəsait xərclənib. Növbəti ilin dövlət büdcəsində isə bu istiqamət üzrə əlavə olaraq 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bu da onu göstərir ki, hökumət Böyük Qayıdış prosesini ardıcıl və planlı şəkildə davam etdirir”.

İqtisadçı bildirib ki, bərpa prosesinin ilk mərhələsində əsas diqqət təhlükəsizliyin təmin olunmasına və ilkin infrastrukturun qurulmasına yönəldilib: “Bu mərhələdə ərazilərin təhlükəsiz zonaya çevrilməsi, hava limanlarının, avtomobil yollarının, enerji və rabitə infrastrukturunun, sərhədyanı ərazilərdə müvafiq obyektlərin, eləcə də qaz, su və elektrik enerjisi ilə bağlı kommunal infrastrukturların yaradılması prioritet təşkil edib. Növbəti mərhələdə artıq yaşayış məntəqələrinin salınması, məskunlaşmanın təşkili və sosial xidmət infrastrukturlarının qurulması ön plana çıxıb. Yaşayış evləri ilə yanaşı, əhaliyə xidmət göstərəcək məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin inşası mərhələli şəkildə həyata keçirilir”.

X. Kərimli qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası davam edir və proqram üzrə nəzərdə tutulan tədbirlərin böyük hissəsi mərhələli şəkildə reallaşdırılır: “2027–2030-cu illəri əhatə edəcək Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıq verilib. Bu sənəd növbəti mərhələdə görüləcək işlərin əsas yol xəritəsini müəyyən edəcək.

2026–2030-cu illər dövründə infrastruktur layihələri ilə yanaşı, sosial infrastrukturun genişləndirilməsi və əhalinin daha geniş miqyasda məskunlaşdırılması əsas prioritetlərdən olacaq. Bu mərhələdə özəl sektorun da bölgədə fəallaşacağını müşahidə edəcəyik. Artıq özəl şirkətlər tərəfindən obyektlərin inşasına başlanması və onların istismara verilməsi prosesi gedir.

Son illər ərzində böyük həcmdə infrastruktur investisiyaları qoyulsa da, bütün məsələlər tam həll olunmayıb və bərpa prosesi davamlı xarakter daşıyır.

Zənnimcə, qarşıdakı dövrdə əsas diqqət yol infrastrukturunun genişləndirilməsinə, enerji və elektrik stansiyalarının qurulmasına, yaşayış məntəqələrinin inkişafına, eləcə də bu ərazilərdə sosial xidmətlərin əlçatanlığının artırılmasına yönəldiləcək