"Bu gün hansı ölkələrdə yaşamalarından asılı olmayaraq bütün azərbaycanlılar üçün həm qürur, həm də özünə, kökünə qayıdış günüdür. Çünki bu gün hamımız hazırkı geosiyasi təlatümlər, qlobal xaos dönəmində milli birliyimiz və həmrəyliyimizi qorumağın, milli kimlik və dəyərlərimizi yaşatmağın nə qədər önəmli olduğunu bir daha bütün varlığımızla hiss edir və ən qiymətli sərvətimiz olan qalib Azərbaycanı dünyada ləyaqətlə təmsil etmək məsuliyyətini bölüşürük".
Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O, qeyd edir ki, bu sözləri Milli birlik və həmrəylik rəmzimiz olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim hər birimizə xatırladır ki, harada yaşamağımızdan və quzeyli-güneyli olmağımızdan, siyasi mövqelərimizdən asılı olmayaraq bizim hamımızı birləşdirən bir müstəqil dövlətimiz, üçrəngli bayrağımız var:
"Həmrəylik Günü bütün azərbaycanlıları bir amal ətrafında birləşdirə bilən xüsusi bir gündür. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlılar məhz bu gün eyni dəyərlərin, eyni hədəflərin və eyni milli kimliyin işığında birləşirlər. Elə bu xüsusiyyəti də 31 dekabra milli təqvimimzdə bir ayrıcalıq, özəllik, üstünlük qazandırır. 
Həmrəylik hissi, milli birlik keyfiyyəti bu və ya digər dərəcədə hər bir xalqda müşahidə olunur. Lakin azərbaycanlıların həmrəyliyi zamanın sınaqlarıdan uğurla çıxması ilə fərqlənir. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə hərbi qüdrətimizin təntənəsi ilə yanaşı, həm də xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həmin günlərdə təkcə yüksək sərkərdəlik keyfiyyəti ilə deyil, eyni zamanda, xalqımızın bütün fərdlərini, təbəqələrini vahid amal uğrunda birləşdirməklə milli birliyimizin ən üst səviyyəsini ortaya qoymağı bacardı. Vətən müharibəsindəki Lider-Ordu-Xalq birliyi sözün tam mənasıyla həmrəyliyimizin triumfu idi".
AHK sədrinin sözlərinə görə, biz 2020-ci ilin 27 sentyabr-10 noyabrında və 2023-cü ilin 19-20 sentyabrında milli birliyimizlə ərazi bütövlüyümüz və suverenliyimizin bərpasına nail olduq:
"Bunun nəticəsidir ki, indi bütün soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq 5 ildir ki, yalnız 10 milyonluq Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları hər yerdə başlarını dik tutaraq ruh yüksəkliyi ilə, qalib xalqın övladları kimi alnıaçıq, üzüağ yaşayırlar. İndi artıq hər kəs bu həqiqəti qəbul edir ki, milli birliyimiz xalqımızın tükənməz güc mənbəyidir. Biz beş ildir ki, Qalib Xalq psixologiyası, Zəfər ideologiyası ilə yaşayırıq. Bu psixologiya, bu ideologiya isə milli birliyə, həmrəyliyə söykənir.
Bu mənada milli həmrəylik təkcə keçilmiş yol deyil, həm də gələcəyin təminatı, gələcəyə inamın parlaq ifadəsi və gələcək hədəflərimizə çatmağımızın əsas şərtidir. Qələbəmizin siyasi və mənəvi coğrafiyasını genişləndirmək üçün dünən olduğu kimi bu gün və sabah da milli həmrəylik əsas istinad nöqtəmiz olaraq qalacaq. 2025-ci ildə Azərbaycan diplomatiyası beynəlxalq müstəvidə qazandığı dəstəyi və uğurları ilə qlobal həmrəyliyin də mühüm faktor olduğunu ortaya qoydu. Dərin geosiyasi dəyişikliklər və yeni çağırışlar şəraitində dövlətimizin möhkəmliyi və gələcək inkişafımız milli birliyin qorunmasını və qlobal həmrəyliyin, beynəlxalq dəstəyin təmin edilməsini daha da аktuallaşdırır. Xaricdə yaşayan vətənpərvər soydaşlarımız, diaspor fəallarımız bundan sonra da Azərbaycanı hər yerdə layiqincə təmsil edəcək və milli maraqlarımızın müdafiəsində fəal iştirak ediəcəklər. Elə etməliyik ki, milli birlik ruhumuz daim diri olsun, xalqımızın və dövlətimizin səsi hər zaman gur eşidilsin".
Ə.Hüseynov xatırladıb ki, vaxtilə Ulu Öndər Heydər Əliyev diasporumuzun azərbaycançılıq ideologiyası ətrafında sıx birliyinin qurulmasına və təşkilatlanmasına nail olmuşdu. Bu gün isə Prezident İlham Əliyev qalib lider kimi milli həmrəyliyin sarsılmaz qarantı rolunda çıxış edir:
"Biz xoş arzularla qarşıladığımız 2026-cı ildə milli həmrəyliyimizin daha da güclənəcəyinə, dünya azərbaycanlıları arasında əlaqələrin daha da genişlənəcəyinə inanırıq. Qoy, 2026-cı il müstəqil Azərbaycanımız üçün və dünyadakı bütün həmvətənlərimiz üçün xeyirli-uğurlu il olsun. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi milli həmrəyliyimizin yeni səhifəsinə çevrilərək Böyük Qayıdışın uğurla gerçəkləşməsinə vəsilə olsun".