Qardaşlıq Azərbaycanın müstəqil qərarlarına müdaxilə hüququ vermir - ŞƏRH

  • “Azərbaycan-Türkiyə münasibətləri bərabərlik və suverenliyə hörmət üzərində qurulmalıdır”

Son günlər Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində Azərbaycana qarşı səsləndirilən fikirlər, qardaşlıq münasibətlərinə xələl gətirən mövqelər təəssüf doğurur. Ayrı-ayrı şəxslərin bu həssas məsələdən sui-istifadə edərək Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə kölgə salmaq və iki qardaş ölkə arasında nifaq yaratmaq cəhdləri qəbuledilməzdir.

Məsələnin diqqətçəkən tərəfi isə Türkiyədəki bəzi siyasi dairələrin dini və siyasi amillərdən istifadə edərək Azərbaycanın müstəqil qərarlarına təsir göstərməyə çalışmasıdır. AKP iqtidarının hakimiyyəti dövründə dini ritorikanın siyasi mübarizədə rolunun artması, dünyəvilik prinsipinin müzakirə predmetinə çevrilməsi və siyasi maraqların ön plana çıxması Türkiyənin daxili siyasi təcrübəsi ilə bağlı mühüm suallar doğurur. Lakin Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri Ankaraya Azərbaycanın daxili siyasətinə müdaxilə etmək və ya onun müstəqil qərarlarını sorğulamaq hüququ vermir. Qardaşlıq münasibətləri qarşılıqlı hörmət, bərabərlik və dövlət suverenliyinə ehtiram üzərində qurulmalıdır.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Sherg.az-a açıqlamasında vurğulayıb ki, Türkiyə müxtəlif xalqların və etnik qrupların yaşadığı ölkədir. Onun sözlərinə görə, belə həssas dövrdə ayrı-ayrı şəxslərin təxribatçı çağırışlarına uymaq, Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək mövqelər sərgiləmək yolverilməzdir:

"Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığını zəiflətməyə çalışan qüvvələr olub. Hesab edirəm ki, regionda proseslərin son dərəcə həssas xarakter aldığı indiki dövrdə bu cür təxribatçı çağırışlara uymamaq, yanlış mövqedən çıxış etməmək xüsusilə vacibdir.

Şübhəsiz ki, Türkiyənin rəsmi dairələri, elm və siyasət adamları, ziyalıları da bu cür halları qəbuledilməz hesab edir, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə zərbə vurmağa çalışanları qınayırlar. Azərbaycan Türkiyəni özünün ayrılmaz qardaşı hesab etdiyi kimi, Türkiyədə də bu münasibətlərin qorunmasının vacibliyi yaxşı anlaşılır.

Azərbaycan və Türkiyə eyni kökdən gələn, eyni milli ruhu, tarixi və mənəvi dəyərləri bölüşən iki dövlətdir. Bizim bağlılığımız təkcə siyasi müttəfiqlikdən ibarət deyil. Bu, qan və can birliyinə, ortaq tarixə, dilə və mədəniyyətə söykənən sarsılmaz qardaşlıqdır. Minilliklərin izlərini yaşadan hər qayada, hər daşda bu birliyin tarixi nişanələri var. Azərbaycan və Türkiyə bir ananın iki övladı, eyni ruhun daşıyıcısıdır.

Hər bir azərbaycanlı Türkiyədə və dünyanın müxtəlif ölkələrində yaşayan türkləri özünə qardaş hesab edir. Türkiyənin kədəri Azərbaycanın kədəri, sevinci Azərbaycanın sevincidir. Bu münasibət sözlərlə deyil, tarixin ən çətin sınaqlarında nümayiş etdirilən həmrəyliklə sübut olunub.

44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında dayandı, ölkəmizə siyasi və mənəvi dəstək verdi. Qələbəmizin sevincini bizimlə bölüşdü, Zəfər Paradında bu tarixi anın qürurunu birlikdə yaşadı. Qarabağda bərpa və quruculuq işlərinin ilk mərhələlərindən etibarən də Türkiyə Azərbaycanın yanında oldu və bu dəstəyini bu gün də davam etdirir.

Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik münasibətlərini rəsmiləşdirərək birliyinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır və dünyaya nümunə göstərilə biləcək əməkdaşlıq modelidir.

Bu gün Şuşa qalasında, Gövhər Ağa məscidində, Cıdır düzündə və Qarabağın uca zirvələrində dalğalanan Azərbaycan və Türkiyə bayraqları ortaq tariximizin, birliyimizin və sarsılmaz qardaşlığımızın rəmzidir. Bu mənzərə iki dövlətin gələcəyinin də bir-biri ilə nə qədər sıx bağlı olduğunu göstərir.

Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Azərbaycan qardaş ölkəyə ilk dəstək göstərən dövlətlərdən biri oldu. Gecə-gündüz davam edən yardım səyləri, Bakıdan Türkiyəyə göndərilən humanitar yardım karvanları xalqımızın həmrəyliyinin bariz nümunəsinə çevrildi. Zəlzələdən sonra bərpa və yenidənqurma işlərində Azərbaycanın iştirakı, Kahramanmaraşda inşa edilən Azərbaycan Məhəlləsi iki ölkə arasındakı qardaşlığın canlı salnaməsidir.

Bütün bunlar bir həqiqəti təsdiqləyir: iki can qardaşı arasında heç bir qüvvə nifaq sala bilməz. Ayrı-ayrı şəxslərin təxribatçı fikirləri xalqlarımızın ortaq iradəsini və tarixi bağlılığını dəyişə bilməz. Əksinə, belə məqamlarda daha diqqətli olmaq, emosional çağırışlara deyil, tarixi həqiqətlərə və milli maraqlara əsaslanmaq lazımdır".

Professor qeyd edib ki, Prezident İlham Əliyevin “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq” fikri iki ölkə arasındakı münasibətlərin mahiyyətini aydın ifadə edir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Anım Günü ilə bağlı mesajında “Bir millət, iki dövlət” prinsipinə sadiqliyi bir daha vurğulayaraq ortaq gələcəyin birlikdə qurulacağına diqqət çəkib.

XXI əsrin Türk dünyasının yüksəliş dövrü olması üçün Azərbaycan-Türkiyə birliyi mühüm dayaqlardan biridir. Bu qardaşlıq yalnız keçmişimizin mirası deyil, həm də gələcəyimizin təminatıdır. Ona görə də ayrı-ayrı təxribatçı fikirlərə deyil, xalqlarımızı birləşdirən ortaq tarixə, milli maraqlara və strateji məqsədlərə söykənməliyik. Azərbaycan-Türkiyə qardaşlığı zamanın sınaqlarından çıxmış, bu gün daha da möhkəmlənən və gələcək nəsillərə ötürüləcək əbədi birlik nümunəsidir".