Prezidentə yazırlar: Bizi bu bəladan qoruduğunuza, sağlamlığımızın və rifahımızın qayğısına qaldığınıza görə Sizə minnətdarıq
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.
Sherg.az Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Ucar rayonunun Alpout kəndindən təqaüdçü Əjdər Abbasovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq. Mən şəkər xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Evimdə pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam. Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocala, pensiyaçılara göstərdiyiniz köməyə görə ağsaqqallar, yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm.
Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov məktubunda qeyd edir: “Möhtərəm cənab Prezident, bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib. Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz. Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq”.
Laçın rayonundan məcburi köçkün Sənani İsgəndərov isə dövlətimizin başçısına minnətdarlığını aşağıdakı sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar. Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb. İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir”.