"Onun da Azərbaycanda hakim qarşısına çıxarılacağı günü görəcəyik"
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarına məhkəmənin hökmü elan edilib. Bəzilərinə ömürlük, bəzilərinə isə 19-20 il azadlıqdan məhrumetmə cəzası verilib. Xalqımıza, dövlətimizə qarşı qatı cinayətlər törətmiş separatçılar ölüm hökmünü haqq etsələr də dövlət siyasətində humanizm prinsiplərinin əsas götürüldüyü Azərbaycanda ölüm hökmünün ləğv edildiyi məlumdur. Bu səbəbdən də separatçılar AR Cinayət Məcəlləsində nəzərdə tutuan ən ağır cəzaya – ömürlük həbsə məhkum edilirlər.
Əslən Qarabağ bölgəsindən olan yazıçı-publisist Kərim Kərimli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, konkret separatçılara münasibətdə ölüm hökmünün ləğv edilmiş olmasına təəssüflənir: 
- Bu hal üçün deyirəm, çox təəssüf ki, Azəbaycanda ölüm hökmü ləğv edilib. Separatçılar qanuni və layiq olduqları cəzaya - cinayət məcəlləsində ən ağır cəza olan ömürlük, bəzilərinə 19-20 il həbs cəzasına məhkum edilirlər. Məsələ var, örkən nə qədər uzun olsa doğanaqdan keçər. Separatçılar da Azərbaycan hüquq sisteminin doğanağından keçdilər. Hələ məhkəmə qarşısında cavab verməli olan növbəti şəxslər var. Onların da cəzalanacağını görəcəyik. 2009-cu ildə mənim “Xocalı - vəhşi əsrin vəhşi əsəri” kitabım çap olundu. Ön sözdə yazmışdım ki, biz Xocalı soyqırımını törədənlərin cəzalanmasını təkcə ona görə tələb etmirik ki, onları törətdikləri bəşəri cinayətlərə görə cəzalandıraq, yaxud onlardan intiqam alaq. Bizi hərəkətə gətirən qüvvə qisas deyil. Biz həm də ona görə onların cəzalanmasını tələb edirik ki ədalət və hüquq qalib gəlsin, dünyada kimdəsə belə qənaət, arxayınlıq yaranmasın ki bu cür ağır cinayətlər törətmiş şəxslər cəzadan kənarda qala bilir, ya da cəzadan kənarda qalacaq. Şükür ki ədalət qələbə çaldı. Ədalətin təntənəsinin birinci mərhələsi Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə, 2-ci mərhələ antirerror əməliyyatı idisə, üçüncüsü separatçıların məhkəmə qarşısına çıxarılmasıdır. Ədalətin zəfər çalması prosesi davam edəcək. Azərbaycan xalqına qarşı Qarabağda və digər bölgələrdə ağır müharibə cinayətləri törətmiş cinayətkarların məhkəməsini uzun müddət izləmişəm. Təəssüf ki məni dəvət etmədilər, özüm haqqında məlumat versəm də. Mənim üçün məhkəmə prosesində şahid qismində iştirak etmək ona görə önəmli idi ki birincisi, mən separatçıların Qarabağda törətdikləri cinayətlərin şahidiyəm, həm də 1998-ci il avqustun sonunda Xankəndində Arkadi Qukasyana, həmin ilin sentyabrın ilk günlərində isə İrəvanda Ermənistanın terrorçu prezidenti R.Köçəryanın üzünə demişdim, vaxt gələcək sizi Bakıda dəmir barmaqlıqlar arxasında mühakimə edəcəyik. Bu, Qukasyan üçün oldu, Robert Köçəryan növbəsini gözləyir. Onun da Azərbaycanda hakim qarşısına çıxarılacağı günü görəcəyik.