Ramiz Mehdiyev kimi xainlər misgin həyatlarını həbsxanalarda başa vuracaqlar -Azay Quliyev

"Onları himayə edən ölkələr belə, buna mane ola bilməyəcək. Azərbaycan dövləti və xalqı vətənə xəyanəti heç vaxt bağışlamır"

Dünən, fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimailəşdirilən videomateriallar ölkə daxilində uzun müddət gizli fəaliyyət göstərdiyi iddia olunan və xarici təsir mərkəzləri ilə əlaqələndirilən bir şəbəkənin fəaliyyətinə dair ciddi ittihamları gündəmə gətirib. 

 Materiallarda ayrı- ayrı şəxslərin Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş planlar qurduğu, ictimai sabitliyi pozmağa və ölkədə gərginlik yaratmağa çalışdığı iddiaları irəli sürülür. Videoda səsləndirilən məqamlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub və dövlət təhlükəsizliyi, suverenlik və milli maraqların qorunması məsələsini yenidən diqqət mərkəzinə çıxarıb.

Qeyd edək ki, Dövlət Təhlükəsiziyi Xidmətindən Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər. Bu şəbəkə uzun müddət ərzində müxtəlif vasitələrdən istifadə etməklə ölkədə gərgin mühit formalaşdırmağa, ictimai sabitliyi sarsıtmağa və dövlət institutlarının fəaliyyətinə təsir göstərməyə cəhd edib. Ramiz Mehdiyev Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirib, ona rəhbərlik edib. Azərbaycanın dövlət müstəqilliyi, ərazi büyövlü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, Azərbaycanın dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib. 

Videoda səsləndirilən məqamlara əsasən, bu fəaliyyətlərin Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və suverenliyinə qarşı yönəldiyi iddia olunur. Eyni zamanda, materiallarda ictimai rəyə təsir göstərilməsi, dezinformasiya yayılması və ölkənin beynəlxalq nüfuzuna xələl gətirilməsi məqsədi daşıyan addımların atıldığı barədə fikirlər də yer alır. Xüsusilə Vətən müharibəsi ərəfəsində müxtəlif məlumat manipulyasiyaları ilə cəmiyyətdə ruh düşkünlüyü yaratmağa cəhd göstərildiyi vurğulanıb. DTX-nın Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə cinayət işi üzrə yaydığı məlumatla bağlı görüntülərdə Fuad Qəhrəmanlının pul alması barədə görüntülər də yer alıb.

“Sherg.az” xəbər verir ki, millət vəkili Azay Quliyev DTX-nin yaydığı materialların Azərbaycan dövlətçiliyinə qarşı xaricdən idarə olunan planlı xəyanət şəbəkəsini sübutlarla ifşa etdiyini bildirib. Deputat qeyd edib ki, açıqlanan təkzibedilməz sübutlar göstərir ki, Ramiz Mehdiyev, Abbas Abbasov, AXCP sədri Əli Kərimli, eləcə də Fuad Qəhrəmanlı, Qənimət Zahidov, Məmməd İbrahim və digərləri xarici ölkənin, konkret olaraq Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişmək məqsədilə cinayət sövdələşmələrinə giriərək dövlətə xəyanət etmişlər: “2012-ci ildə Rusiyada qeydiyyata alınmış və “Milyarderlər İttifaqı” adı ilə tanınan qurumun yaradılması, 2013-cü ildə isə “Demokratik Qüvvələrin Milli Şurası” adlı qurumun təsis olunması isə bu xəyanət planın təşkilatlanmış forması idi. Məkrli planlarını işə salmaq üçün onlara ölkədə kütləvi iğtişaşlar törətmək və dövlət institutlarını iflic vəziyyətinə salmaq lazım idi. Bu məqsədlə ilkin olaraq 933 min manatdan artıq vəsaitin müxtəlif vaxtlarda Fuad Qəhrəmanlı vaistəsilə Əli Kərimliyə ötürülməsi faktı DTX-nin açıqladığı video materiallarla sübut olunur.

Daha sonra gizli məktublarla Rusiya rəhbərliyindən hakimiyyət çevrilişinə dəstək istənilməsi, Əli Kərimlinin hakimiyyətə gələcəyi halda Azərbaycanın KTMT-yə üzv ediləcəyinə dair Qəniməd Zahidov tərəfindən Kərimlinin adından vədlərin verilməsi Mehdiyev-Kərimli cütlüyünün cılız ambisiyaları naminə milli maraqları necə satdığını göstərir. 2013-cü ildə uğursuzluğa düçar olmalarına baxmayaraq, bu cütlük çevriliş hazırlıqlarını 2020-ci ilə, növbəti həmləyə qədər davam etdiriblər.

Görünür, 2020-ci ilin iyul hadisələri ərəfəsində xəyanət şəbəkəsinin xaricdəki himayədarları Azərbaycanın torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını yaxşı bilirdilər. Bu səbəbdən, iyulun 14-dən 15-nə keçən gecə orduya dəstək məqsədilə keçirilən yürüş-mitinqdən sui-istifadə edilərək təxribatçı qruplar vasitəsilə Milli Məclisin və AzTV-nin inzibati binalarını ələ keçirmək barədə onlara təlimat verilir və bunu hadisənin təşkilatçılarından olan Fuad Qəhrəmanlı həmin günlərdə istintaqa verdiyi açıqlamada etiraf edib. Məqsəd dövlət institutlarını və sonradan da hakimiyyəti zorla ələ keçirməklə torpaqların azad edilməsinə mane olmaq, Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və strateji maraqlarını Rusiya və Ermənistana güzəştə getmək olub”.

A. Quliyev əlavə edib ki, Ramiz Mehdiyev Azərbaycan xalqının tarixi Zəfərindən sonra da vətənə xəyanət niyyətindən və hakimiyyət hərisliyindən əl çəkməyib, 2025-ci ilin sentyabr və oktyabr aylarında hazırladığı və Əli Kərimli ilə razılaşdırdığı yeni dövlət çevrilişi planını Rusiya xüsusi xidmət orqanlarına təqdim edib:

“Yaxşı ki, DTX bütün bunların hamısını dəlil və sübutlarla vaxtında ifşa edə bildi. Lakin bu zavallılar ya xarici ağalarına çox güvəndikləri, ya da ağıllarını itirdikləri üçün bir məsələni, Azərbaycan dövlətinin və Prezidentinin gücünü və qüdrətini düzgün hesablaya bilməyiblər. Ona görə də lənətlənmiş bu xainlər həbsxanalarda misgin həyatlarını başa vurmalı olacaqlar. İstintaqdan qaçıb gizlənən Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zahidov isə Azərbaycana gətirilərək qanun qaşısında cavab verəcəklər, onları himayə edən ölkələr belə, buna mane ola bilməyəcək. Azərbaycan dövləti və xalqı vətənə xəyanəti heç vaxt bağışlamır. Xainlərin isə aqibəti bəllidir”.