- Ona 15-20 il iş verilməlidir ki, digərlərinə də dərs olsun
- “Ramiz Mehdiyevin ətrafındakı şəxslər də kənarlaşdırılmalıdır”
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılması barədə siyasi təşkilatın 8-ci qurultayında qərar verilməsi gözlənilir. Oktyabrın 2-də keçiləcək qurultayda Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsi müzakirəyə çıxarıla bilər.
YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə bir müddət əvvəl Ramiz Mehdiyevlə bağlı mütləq qərarın veriləcəyini bildirmişdi. Vaxtilə hakimiyyətin ən uzunmüddətli və ən nüfuzlu simalarından biri olan sabiq Prezident Administrasiyası rəhbərinin partiya üzvlüyündən çıxarılması məsələsinin müzakirəyə çıxarılması siyasi baxımdan diqqət çəkən addımdır. Xüsusilə Mehdiyevə qarşı irəli sürülən ağır ittihamların fonunda bu qərarın YAP daxilində hansı mesajı verəcəyi və keçmiş siyasi elita ilə bağlı münasibətin necə formalaşacağı maraq doğurur. Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.
Professor Cümşüd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin məhkəmə prosesinin başlaması Azərbaycanda uzun müddət mövcud olmuş axmaq bir ənənənin aradan qaldırılması baxımından mühüm hadisədir. Onun sözlərinə görə, müxtəlif dövrlərdə hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla hakimiyyətə gəlmək üçün müxtəlif vasitələrə əl atıblar:
“Azərbaycan bu prosesləri zaman-zaman yaşayıb. Hakimiyyətə gəlmək və hakimiyyəti ələ keçirmək məqsədilə qeyri-qanuni yollara əl atan şəxslər olub. Onların da ən böyüyü, ən güclüsü Ramiz Mehdiyev idi. Adam Azərbaycanı sevən, Azərbaycan üçün çalışan, Azərbaycan dövlətinə can yandıran, ermənilərlə bağlı tədqiqat işi aparan alimləri, ziyalıları hamısını dövlətdən küsdürdü, incitdi.
Əsas məqsədi isə, mənim fikrimcə, bu insanların Prezidentin ətrafından uzaqlaşmasına nail olmaq və onları öz ətrafında toplamaq idi. Çünki onun ən yaxın çevrəsində olan şəxslər müxtəlif görüşlərdə dəfələrlə bildirirdilər ki, Ramiz Mehdiyev nə vaxtsa hakimiyyətə gəlməlidir. Yəni tək Ramiz Mehdiyevin həbs olunmasıyla iş bitmir. Yaxşı olar ki, Ramiz Mehdiyevin ətrafında olan icra hakimləridir, hüquq-mühafizə orqanları, xüsusən Daxili İşlər Nazirliyində, prokurorluq orqanlarında, Prezident Aparatında, hökumətdə və müxtəlif orqanlarda olan Ramiz Mehdiyevin tərəfdarları hamısı vəzifədən çıxarılmalıdır, hamısı kənarlaşdırılmalıdır. Bunların hamısı məlumdur, yəni kimlərdir və bu adamlar hələ də Azərbaycan dövləti üçün çox böyük təhlükədir.
Və bundan sonra o təhlükənin artma ehtimalı daha yüksəkdir. Çünki Ramiz Mehdiyev hələ “ölməyib”, Ramiz Mehdiyevin adamları da “sağdır”. Və nəzərə alsaq ki, Ramiz Mehdiyevin ermənilərlə, sonra Rusiya elitası, hərbi elitası ilə çox güclü əlaqələri var və bu qorxu həmişə Damokl qılıncı kimi Azərbaycanın başı üzərindədir. Buna şübhəmiz olmamalıdır və yoxdur da. Buna görə də hər halda, üst-üstə, yəni üç maddə ilə - 193, 278 və digər maddə ilə - Ramiz Mehdiyev ömrünün sonuna qədər yatsa da, həmin cinayətlərdən qurtula bilməyəcək. Amma rəmzi olaraq ən azı ona 15-20 il iş verilməlidir ki, digərlərinə də dərs olsun.
Yaxşı olar ki, Ramiz Mehdiyevin biznesini formalaşdıran banklar, bank sistemi, təhsil sistemi və digər sahələrdə olan adamlar da, keçmiş nazirlər var bunların içərisində, onlar da cəzalandırılsınlar. Əks təqdirdə, bu qərar yarımçıq olacaq, ədalətsiz olacaq”.
Qaldı ki, oktyabrın 2-də YAP-ın VIII qurultayında Ramiz Mehdiyevin partiyadan çıxarılması məsələsinə, professor hesab edir ki, bunu çoxdan etməliydilər: “Açığı, mənim özüm üçün qaranlıqdır ki, YAP niyə bu qədər gecikdi? Yəni görünür ki, hələ də YAP-ın yüksək səviyyəli şəxsləri arasında Ramiz Mehdiyevi sevənlər var. Əks təqdirdə, bu çoxdan olmalı idi. İstənilən halda, əgər cinayət işi qaldırılırsa, sübut olub-olmamasından asılı olmayaraq, onu ən azı müvəqqəti şəkildə partiyadan kənarlaşdırmalıydılar.
Ramiz Mehdiyev təkcə Azərbaycanı yox, elə Yeni Azərbaycan Partiyasını da pis günə qoydu, partiyanı gözdən saldı. Ulu öndər dünyasını dəyişəndən sonra Ramiz Mehdiyev onu gözdən salmaq üçün hər üsula əl atdı. Ramizin ən böyük üsulu ondan ibarət idi ki, insanlar dövlətdən, Prezidentdən narazı olsunlar. İndinin özündə də bu proses davam edir. Çox təəssüf ki, bu, acı bir həqiqətdir.
Yenə də Azərbaycanda müəyyən qüvvələr qarşıdurma yaratmaq üçün əllərindən gələni əsirgəmirlər. Ayrı-ayrı dövlət məmurları insanları qəbul etməkdə, insanları qarşılamaqda, yola salmaqda həddən artıq kobudluq və mədəniyyətsizlik nümayiş etdirirlər. Bu təəssüf ki, adi hala çevrilib. Özü də fikir versəniz bu adamların hamısı bu və ya digər formada ya Ramiz Mehdiyevlə birbaşa bağlıdır, ya da Ramiz Mehdiyevin ata qohumlarındandır. Yəni birmənalıdır bu. Ya Azərbaycanda kifayət qədər haykənuşun uşaqları var və onlar da özlərini onların uşaqları, nəvələri, nəticələri vəzifələrə çox gözəl yerləşdiriliblər. Onların əsas məqsədi Azərbaycan dövlətinə xidmət eləmək deyil, Azərbaycan dövlətini gözədən salmaq, hörmətdən salmaqdır. Xüsusilə Azərbaycan II Qarabağ Müharibəsində qələbə çaldıqdan sonra son üç ildə bu daha da sürətlə artıb. Elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində çox, sosial sahədə həddən artıq dəhşətli işlərlə məşğuldurlar. İnşallah onların da zamanı gələr, onlar da Ramiz Mehdiyevin yanına gedər. Ümumiyyətlə yaxşı olar ki, Azərbaycan dövləti, bunlar üçün ayrıca bir təcridxana tiksin. Nə bilim, hardasa bu Şamaxı yolunda, ya Hacıqabul yolunda, o aralıqda, dağların arasında. Bunlar cəhənnəmlikdir, bunlar bu milləti bu dünyada cəhənnəmə çəkiblər”.
Cümşüd Nuriyev vacib bir faktı da qeyd edib. O bildirib ki, Ramiz Mehdiyev sonuna qədər dövlət üçün təhlükə olub. Onun sözlərinə görə, 2019-cu ilin oktyabrında Ramiz Mehdiyev vəzifədən kənarlaşdırdıqdan sonra o, Elmlər Akademiyasını da “yaman günə qoyub”. Lakin “bir var dövləti yaman günə qoyasan, bir var akademiyanı”. Ramiz Mehdiyevdən sonra Azərbaycan Qarabağda müharibə eləyə bildi və müharibəni uddu. Yoxsa içəridən nə məsələlər var idisə, hamısı Rusiyanın kəşfiyyat orqanlarında olanlara ötürülürdü".