Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
- Konstitusiya yalnız kağız üzərində qalmamalıdır. İdarəetmə modeli dəyişməlidir
- “Yaxın dövr üçün əsas vəzifələrdən biri vətəndaş müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsidir”
12 Noyabr -Konstitusiya Günü Azərbaycanın müstəqil dövlətçilik tarixində yalnız mühüm hüquqi hadisə deyil, həm də demokratik cəmiyyət quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirən tarixi mərhələdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya ölkədə hüquqi dövlət quruculuğunun, hakimiyyət bölgüsü prinsipinin, insan hüquq və azadlıqlarının təmin edilməsinin fundamental əsaslarını formalaşdırıb. Bu sənəd dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirməklə yanaşı, cəmiyyətin idarə olunmasında qanunun aliliyini əsas prinsip kimi təsbit edib.
Hüquqi dövlətin mövcudluğu yalnız qanunların qəbul edilməsi ilə ölçülmür. Əsas məsələ həmin qanunların işlək olması, hər kəsin qanun qarşısında bərabərliyi, vətəndaşların hüquq və azadlıqlarının real təminatı, eləcə də dövlət institutlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın qorunmasıdır.
Bu baxımdan Konstitusiya vətəndaş cəmiyyətinin inkişafı üçün də mühüm hüquqi zəmin yaradır. İctimai iştirakçılıq, söz və ifadə azadlığı, birləşmək hüququ, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və vətəndaş təşəbbüslərinin reallaşdırılması demokratik cəmiyyətin əsas göstəricilərindəndir.

Ötən müddət ərzində Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq sisteminin yenilənməsi və vətəndaşların hüquqi müdafiə mexanizmlərinin inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Bununla yanaşı, müasir dövr hüquqi dövlət və vətəndaş cəmiyyəti qarşısında yeni tələblər qoyur. Qanunun aliliyinin daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi, ictimai nəzarət mexanizmlərinin inkişafı və vətəndaşların qərarqəbuletmə prosesində iştirak imkanlarının artırılması aktuallığını qoruyur.
Beləliklə, Konstitusiya Günü yalnız tarixi sənədin qəbul edilməsinin ildönümü deyil, həm də hüquqi dövlət prinsiplərinin, vətəndaş məsuliyyətinin və demokratik dəyərlərin cəmiyyətdə nə dərəcədə möhkəmləndiyinə nəzər salmaq üçün mühüm fürsətdir. Konstitusiyanın gücü onun müddəalarının kağız üzərində qalmasında deyil, gündəlik həyatda, dövlət-vətəndaş münasibətlərində və ictimai institutların fəaliyyətində real təzahüründədir.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə müsahibəsində bildirib ki, Azərbaycan Konstitusiyasının qəbulundan ötən 31 ilin mahiyyətini düzgün qiymətləndirmək üçün ilk növbədə 1995-ci ilin tarixi reallıqlarını xatırlamaq lazımdır.

- Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür. Həmin dövrün tarixi şəraitini və ötən müddətdə ölkənin keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?
- 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyanın tarixi əhəmiyyətini və ötən dövr ərzində ölkənin keçdiyi inkişaf yolunu düzgün qiymətləndirmək üçün ilk növbədə həmin ilin Azərbaycan reallıqlarına nəzər salmaq lazımdır. O dövrdə ölkə müstəqilliyini yenicə bərpa etmiş, lakin müharibənin, işğalın və dərin siyasi böhranın ağır nəticələri ilə üz-üzə qalmışdı.
Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqil dövlətin hansı prinsiplər əsasında idarə olunacağını müəyyənləşdirdi. Konstitusiyada hakimiyyətin mənbəyi, dövlət orqanlarının səlahiyyətləri və onların hüquqi hüdudları təsbit olundu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirildi.
Bu baxımdan, Konstitusiyanın 12-ci maddəsini xüsusilə vurğulamaq istərdim. Ötən dövrdə Konstitusiyada təsbit olunmuş prinsiplər dövlət institutlarının və qanunvericilik sisteminin inkişafına istiqamət verib. İnsan hüquqlarının müdafiəsi sahəsində Ombudsman institutu yaradılıb, dövlət qurumlarının təşkili və fəaliyyəti yenilənib.
Bu dövrün ən mühüm tarixi nəticələrindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Bu nailiyyətin konstitusion mahiyyəti olduqca konkretdir: Azərbaycan öz dövlət hakimiyyətini bütün ərazisində həyata keçirir və vahid hüquqi qaydanı təmin edir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması isə həmin tarixi nailiyyətin onların həyatında ən aydın ifadəsidir.
- Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu nəzərə alsaq, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkə hansı mərhələyə gəlib çatıb?
- Azərbaycan hazırda Konstitusiya institutlarının formalaşdığı və onların fəaliyyətinin gündəlik dövlət idarəçiliyində daha konkret nəticələrlə təzahür etməli olduğu mərhələdədir. Konstitusiyanın 7-ci maddəsi dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması və hakimiyyət bölgüsü prinsipini müəyyən edir. 71-ci maddə isə bu prinsipi dövlət orqanlarının üzərinə konkret öhdəlik kimi qoyur. Belə ki, hər bir dövlət orqanı yalnız qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və qanunvericiliyin nəzərdə tutduğu qaydada fəaliyyət göstərə bilər.
Qanunun aliliyindən danışarkən ilk növbədə məhz bu prinsip əsas götürülməlidir. Hüquqi dövlət quruculuğunda əldə olunan irəliləyişlər vətəndaşların gündəlik həyatında da öz əksini tapmalıdır.
Bu baxımdan, “ASAN xidmət” vasitəsilə müxtəlif dövlət xidmətlərinin vahid məkanda təşkili, “DOST” mərkəzlərinin yaradılması, elektron və rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm addımlardır. Bu yeniliklər dövlət xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, hüquqi təminat mexanizmlərinin də inkişafına xidmət edir.
Hüquqi təminat yalnız xidmətlərin əlçatanlığı ilə məhdudlaşmır. Dövlət orqanlarının qəbul etdiyi qərarların əsaslandırılması da mühüm əhəmiyyət daşıyır. Vətəndaş müraciətinə mənfi cavab aldıqda hansı hüquqi normanın tətbiq edildiyini, qərarın hansı əsaslarla qəbul olunduğunu və həmin qərardan şikayət etmək üçün hara müraciət edə biləcəyini aydın şəkildə bilməlidir. Xidmətlərin əlçatanlığı ilə qərarların hüquqi baxımdan əsaslandırılması birlikdə təmin edildikdə vətəndaş Konstitusiya ilə tanınan hüquqlarının real həyatda necə işlədiyini hiss edə bilir.
Bu kontekstdə bir il əvvəl qəbul edilmiş “Dövlət xidmətləri haqqında” Qanunun əhəmiyyətini də xüsusi vurğulamaq istərdim. Azərbaycan hökuməti funksional idarəetmə modelindən xidmət yönümlü dövlət idarəçiliyinə keçid prosesinə başlayıb. Bu yanaşmanın ilkin nümunələri “ASAN xidmət”, “DOST” mərkəzləri və ayrı-ayrı dövlət qurumlarının elektron xidmətləri vasitəsilə artıq özünü göstərirdi.
Yeni qanun isə dövlət xidmətlərinin təşkili ilə bağlı tələbləri bütün dövlət orqanları üçün vahid hüquqi çərçivəyə salaraq vətəndaş məmnuniyyətinin təmin edilməsini onların qarşısında konkret vəzifə kimi müəyyənləşdirir. Konstitusiyanın əsas missiyalarından biri vətəndaşa xidmət edən, onun qarşısında məsuliyyət daşıyan dövlət və hökumət modelinin formalaşdırılmasıdır.
- Bəs, növbəti mərhələdə hansı prioritet addımların atılmasına ehtiyac var?
- Yaxın dövr üçün əsas vəzifələrdən biri vətəndaş müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsidir. Dövlət qurumlarının fəaliyyətini yalnız daxil olan məktubların və onlara verilən cavabların sayı ilə qiymətləndirmək kifayət deyil. Daha vacib məsələ müraciətlərin nə dərəcədə həll olunması, vətəndaşların eyni problemlə təkrarən hansı səbəbdən müraciət etməsi və təkrarlanan şikayətlərin idarəetmədə hansı boşluqları üzə çıxarmasıdır.
Bu göstəricilər rəhbərliyə problemin hansı mərhələdə yarandığını, hansı qərarların nəticə verdiyini və mövcud prosedurların harada dəyişdirilməsinə ehtiyac olduğunu müəyyənləşdirməyə kömək edir.
İctimai iştirakçılıq imkanlarından daha geniş istifadə edilməsinin vacibliyini də qeyd etmək istərdim. Şəhərsalma qərarları və ya əhaliyə göstərilən xidmətlərin yeni qaydaları hazırlanarkən həmin qərarlardan birbaşa təsirlənən insanların rəyi əvvəlcədən öyrənilməlidir. Bu prosesdə ictimai şuralar və vətəndaş cəmiyyəti institutları konkret təkliflərlə çıxış edə bilər.
Eyni zamanda, dövlət qurumları hansı təkliflərin nəzərə alındığını, hansılarının isə hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmalıdır. Konstitusiyada təsbit olunmuş vətəndaşların dövlətin idarə olunmasında iştirak hüququ məhz bu cür mexanizmlər vasitəsilə gündəlik həyatda real məzmun qazanır.
Hesab edirəm ki, qarşıdakı dövrdə konstitusion islahatların davam etdirilməsi zəruridir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yaranan yeni çağırışlar Konstitusiyanın müasir tələblərə uyğun təkmilləşdirilməsini aktuallaşdırır. Bu baxımdan, rəqəmsal hüquqların konstitusion müstəvidə əks olunması və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edən hüquqi normaların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bir çox institusional məsələlərin də konstitusion islahatlar çərçivəsində müzakirəyə çıxarılmasını təklif edirəm. Məsələn, Nazirlər Kabinetinin mövcud strukturunun saxlanılması, yerli özünüidarəetmə orqanlarının yenidən təşkili və regional idarəetmə modelinə keçid məsələləri bu baxımdan müzakirə predmetinə çevrilə bilər.
Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən regionlarda xüsusi səlahiyyətli nümayəndə institutu yaradılıb. Bu institut artıq öz effektivliyini göstərməkdədir və dövlət başçısı da bunu qeyd edib. Hesab edirəm ki, bu istiqamətdə də müvafiq konstitusion normaların nəzərdə tutulması zərurəti müzakirə olunmalıdır.
Bununla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi üçün dövlət orqanlarının məsuliyyəti və hesabatlılığı artırılmalıdır.
Konstitusion islahatların davam etdirilməsinin vacibliyinə xüsusi diqqət çəkərək qeyd etmək istərdim ki, bu proses geniş ictimai və peşəkar müzakirələr əsasında aparılmalıdır. Təklif olunan hər bir dəyişiklik Azərbaycanın dövlətçilik və idarəetmə sisteminin inkişaf tələbləri baxımından ətraflı qiymətləndirilməli, yalnız bundan sonra referendum yolu ilə xalqın müzakirəsinə və qərarına təqdim olunmalıdır.