Davosdan dünyaya mesaj verildi, Azərbaycan qlobal enerji təhlükəsizliyində açar dövlətdir
İsveçrənin Davos şəhərində 56-cı Davos İqtisadi Forumu (World Economic Forum) keçirilib.
Davos Dünya İqtisadi Forumunun dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı dəvət edilib. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir. Forum rəsmi qərarverici qurum olmasa da, burada aparılan müzakirələr bir çox hallarda beynəlxalq proseslərə birbaşa təsir göstərir. Bir çox hallarda Davosda səslənən fikirlər sonradan G7, G20, BMT və digər beynəlxalq platformalarda konkret qərarlara çevrilir.
Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir.
Prezident İlham Əliyevin Forumda iştirakı, ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini beynəlxalq ictimaiyyətə bir daha çatdırıb. Forum çərçivəsində Azərbaycan rəhbəri bir çox ikitərəfli görüşlər keçirmiş, müxtəlif ölkələri və biznes nümayəndələrini əhatə edən panel iclaslarda iştirak etmiş, həmçinin “Euronews” televiziyasına müsahibə verib. Bu çıxış və görüşlərdə Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyəti, enerji və nəqliyyat sektorunda əsas iştirakçı statusu, həmçinin regionun iqtisadi və siyasi inkişafında rolu vurğulanıb.
Xüsusilə qeyd edilməlidir ki, Forum çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin (“Board of Peace Charter”) imzalanması mərasimi Azərbaycan üçün həm regional, həm də qlobal sülh təşəbbüslərində iştirakının simvolik ifadəsi kimi qiymətləndirilir. Bu təşəbbüs Prezident İlham Əliyevin Azərbaycanı həm iqtisadi, həm də strateji baxımdan məsuliyyətli və təşəbbüskar aktor kimi təqdim etməsinə imkan yaradır. Davos platforması ölkəmiz üçün yalnız iqtisadi imkanların təqdim edildiyi məkân deyil, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran, strateji maraqlarını qoruyan və regionda sülh və əməkdaşlıq təşəbbüslərini irəli aparan mühüm arenadır.
Milli Məclisin deputatı Şahin Seyidzadə Sherg.az-a bildirib ki, Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları qlobal siyasi, iqtisadi və enerji gündəminin formalaşdığı əsas beynəlxalq platformalardan biri kimi çıxış edir. Onun fikrincə, Azərbaycan son illərdə bu mötəbər tribunalarda ardıcıl və fəal iştirakı ilə beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində öz mövqeyini açıq şəkildə nümayiş etdirir:
“Davos İqtisadi Forumu Azərbaycan üçün mühüm beynəlxalq platformalardan biridir və ölkəmizin qlobal gündəmdə fəal iştirakına geniş imkanlar yaradır. Bu platforma Azərbaycanın iqtisadi potensialının, enerji siyasətinin və inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmizin beynəlxalq iqtisadi layihələrdə və qlobal müzakirələrdə fəal tərəfdaş kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Davos çərçivəsində beynəlxalq media nümayəndələri ilə keçirdiyi görüşlər və verdiyi müsahibə Azərbaycanın qlobal proseslərdə etibarlı tərəfdaş kimi artan rolunu bir daha ön plana çıxarır.
Məhz bu kontekstdə dövlət başçısının “Euronews” televiziyasına verdiyi müsahibə ölkəmizin enerji strategiyası və təhlükəsizlik yanaşmaları baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bildirdi ki: “Ölkə daxilində potensial risklər mövcud deyil. Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir.” Bu baxımdan Azərbaycan daxilində potensial risklər mövcud deyil və ölkə sabitlik baxımından güclü daxili dayaqlara malikdir.
Prezidentin sözlərinə görə, bütün potensial risklər kənar amillərlə bağlıdır. Bu səbəbdən Azərbaycan region ətrafında baş verən prosesləri diqqətlə izləyir və qonşu ölkələrdə sabitliyin qorunmasına xüsusi önəm verir. Dövlət başçısının İranda müşahidə olunan müəyyən qeyri-sabitliklə bağlı səsləndirdiyi narahatlıq regionun təhlükəsizliyinin qarşılıqlı xarakter daşıdığını bir daha göstərir.
Enerji bazarları ilə bağlı fikirlər müsahibənin mühüm hissəsini təşkil edir. Prezident İlham Əliyev neft qiymətlərinin sabit qalmasının qlobal enerji bazarı üçün müsbət göstərici olduğunu vurğuladı. Bu sabitlik həm hasilatçıların, həm də istehlakçıların uzunmüddətli planlaşdırma aparmasına imkan yaradır və proqnozlaşdırıla bilən mühit formalaşdırır”.
Deputatın sözlərinə görə, Davosda Azərbaycanın Cənubi Qafqazın yeganə enerji ixracatçısı olması xüsusi olaraq qeyd edilib: “ Ölkəmiz uzun illər Gürcüstanı, hazırda isə Ermənistanı enerji resursları ilə təmin edir. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malikdir. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan, boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Prezident İlham Əliyev Avropa Parlamenti ilə bağlı məsələlərə toxunaraq, Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqelərə artıq reaksiya verilmədiyini bildirdi. Bu mövqe ölkəmizin müstəqil siyasətinə qarşı yönəlmiş lobbiçilik fəaliyyətlərinin təsirsiz qaldığını göstərir. Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi isə Azərbaycanın konstruktiv və praqmatik yanaşmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin çıxışları Azərbaycanın enerji təhlükəsizliyində açar rol oynayan, regional sabitliyə töhfə verən və qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış edən dövlət olduğunu bir daha təsdiqlədi”.
Şəymən Bayramova