Rubiodan müharibə mesajı: ABŞ-İran qarşıdurması həftələrlə davam edə bilər

ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığında İranla münaqişənin ən azı bir neçə həftə davam edəcəyini bildirib.

Sherg.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Rubionun sözlərinə görə, hazırda ABŞ hərbi qüvvələrinin əsas diqqəti İranın raket qurğuları, silah anbarları və hərbi zavodlarına zərbələr endirməyə yönəlib. O həmçinin qeyd edib ki, Vaşinqton hazırda Tehranla heç bir dialoq aparmır və bu mərhələdə danışıqlar hərbi məqsədlərə mane ola bilər.

Məlumata görə, ABŞ rəsmi olaraq rejim dəyişikliyini hədəf kimi göstərməsə də, Vaşinqton İranın başqa rəhbərlik tərəfindən idarə olunmasını istəyir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran daxil olmaqla bir sıra böyük şəhərlər hədəfə alınıb. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə zərbələr endirib.

Məlumatlara görə, hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həyatını itirib.