Rus ordusunda döyüşən azərbaycanlılar vətən xainidir - Azər Həsrət

“İşğalçı Rusiya ordusuna qoşulan hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Qazaxıstanda ötən il Ukraynada Rusiyanın tərəfində döyüşməkdə şübhəli bilinən ölkə vətəndaşları ilə bağlı 700 cinayət işi başlanıb. Məlumata görə, Qazaxıstan məhkəmələri həm “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşənlər, həm də Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan şəxslər barəsində eyni məzmunlu hökmlər çıxarır. İndiyədək Ukrayna ilə müharibədə Qazaxıstanın təxminən 200 vətəndaşı və ya qazax əsilli şəxsi həlak olub. Jurnalistlər bildirirlər ki, Rusiya ordusuna ən fəal şəkildə postsovet ölkələrinin vətəndaşları cəlb olunur. Buna səbəb kimi dil baryerinin nisbətən zəif olması, qonşu ölkələrdə rusdilli əhalinin çoxluğu, eləcə də Rusiyada miqrantların sayının yüksək olması göstərilir. Rəsmi Astana isə Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe tutduğunu bəyan edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfləri danışıqlara çağırır və ölkəsinin vasitəçi olmağa hazır olduğunu bildirir. Xatırladaq ki, 2022-ci ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində çağırış əsasında xidmətinə icazə verən fərman imzalamışdı. Daha əvvəl əcnəbilər yalnız müqavilə əsasında hərbi xidmət keçə bilirdi. 2023-cü ilin yazında isə Putin müharibə dövründə Rusiya ordusu ilə müqavilə bağlayan xarici vətəndaşlara Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsini nəzərdə tutan növbəti fərmanı təsdiqləmişdi. 

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, o, xeyli müddətdir bununla bağlı həyəcan təbili çalır. Ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşları da bu savaşda iştirak etməkdədir: "Azərbaycanlıların, yaxud digərlərinin Ukrayna tərəfdən iştirakını başa düşürük. Çünki Ukrayna işğala məruz qalıb. Bizim də torpaqlarımız uzun illər işğal altında olub. Yəni biz işğalın nə olduğunu bilirik, haqq-ədalətdən yanayıq. O səbəbdən insanlarımızın işğalçı Rusiyaya qarşı savaşmasını hardasa qəbul etmək olar. Hərçənd, bunun özü də qanunsuz əməldir. Ancaq Rusiyanın işğalçı ordusunun tərkibində Ukraynaya qarşı vuruşmaq vətənə xəyanətdir. Qardaş Qazaxıstan bu əməli törədənlərə çox yüngül cəza tətbiq edir. Düşünürəm ki, Azərbaycan dövləti də bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Bizi yandıran odur ki, Qarabağda Ermənistana, onun arxasındakı Rusiyaya qarşı vuruşmuş azərbaycanlılardan bəziləri belə bugün gedib işğalçı rus ordusunun sıralarında savaşırlar. Bu, qəbuledilməzdir və təmkinli, dözümlü yanaşmaq olmaz". 

A.Həsrətin qənaətincə, Rusiya ordusunda Ukraynaya qarşı vuruşan azərbaycanlılar birmənalı vətən xaini elan edilməlidir: "İşğalçı orduya qoşulan hər kəs vətən xainidir. Onlarla bağlı cinayət işi başlanılmalıdır. Dövlətimiz təbliğat işini gücləndirməlidir ki, 3-5 manat puldan, hansısa vədlərdən ötrü azərbaycanlılar Rusiyanın çirkin oyununa aldanmasınlar. Bəzən savaşa gedənlər aldadılaraq aparılır. Azərbaycan daxilində onları bu işə cəlb edənlər də aşkarlanıb, cəzalandırılmalıdır".