“Rusiya çökməlidir, amma məğlub olmamalıdır” - Çinin gizli planı

  • Əkrəm Bəydəmirli: Strateji maraqları olduğu üçün Çin Rusiyanı müharibədə saxlayır

Ukrayna ərazilərinə təcavüz olunandan bu günə qədər hər nə qədər dirəniş göstərsə də, hətta hərbi müstəvidə üstünlük əldə etsə də, Rusiyanı hələ də məğlub edə bilməyib.

Sherg.az xəbər verir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hesab edir ki, bunun səbəbi Rusiyanın öz gücü, potensialı deyil, az sayda, lakin güclü müttəfiqlərinin ona dəstək verməsidir. Lakin bu dəstəyin arxasında gizli məram dayanır:

- Rusiya-Ukrayna müharibəsi ilə bağlı yetərincə politoloji terminlərdən istifadə olunub, demək olar ki, dünya mediası bütün məqamlara işıq salıb. Amma işğalçı, dağıdıcı müharibənin nə zaman başa çatacağı bəlli deyil. Bu qədər sanksiyalar, Qərbin Ukraynaya dəstəyi, qəhrəman ukraynalıların peşəkar döyüş taktikaları Rusiyanı çökdürə bilmir. Çökdürə bilməyəcək də. Bunun əsas səbəbi Rusiyanın insan potensialı, hərbi texnikası və yaxud təbii ehtiyatları deyil. Səbəb başqadır. Hazırda Çinin gizli və aşkar şəkildə Rusiyaya dəstəyi ilə bağlı məlumatlar bəllidir. Əslində bu nəhəng ölkənin maraq dairəsindədir ki, Rusiya çöksün, amma məğlub olmasın. Dünyanın super-gücündən əsər-əlamət qalmayan, zəifləmiş, iqtisadiyyatı çökmüş Rusiya hazırda Çin üçün əla xammal bazasıdır. Belə bir asılı vəziyyətə düşən ölkənin tamamilə məğlubiyyəti Çinin strateji maraqlarına uyğun deyil. Böyük ehtimalla ABŞ prezidenti Donald Trampla Çinin baş katibi Si Çinin arasında Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan görüşdə Çinin Rusiyaya dəstəyinin dayandırılması müzakirə olunacaq. Əgər həm Çinin, həm də Şimalı Koreyanın dəstəyi dayandırılsa Rusiyanın müharibəni uzun müddət davam etdirmək imkanları olmayacaq. Hərbi avadanlıqların idxalının dayandırılması hərbiyönümlü zavodların fəaliyyətinin iflic olmasına təsir göstərməklə bərabər, bu tendensiya müharibə meydanında hiss olunacaq. Digər tərəfdən Şimal qonşumuzun daxilində də əhalinin narazılığı artmaqdadır. Müharibə ilə bağlı Rusiyanın təbliğat maşınının yaydığı məlumatlara artıq inananların sayı getdikcə azalır. Vəziyyət ağırlaşdıqca daxili müqavimətin güclənməsi gözləniləndir. Seçki şouları, dünya ölkələrinə təhdid mesajları reallıqdan çox uzaqdır.