Rusiya çözə bilmir: Müəmmalı təyyarədə kim olub?

Xəbər verdiyimiz kimi, ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisinə keçib. Təyyarə 20 fevral səhəri Murmansk vilayəti üzərində müşahidə olunub. Uçuşun təfərrüatı barədə rəsmi açıqlama verilməyib.

Sherg.az Publika.az-a istinadla xəbər verir ki, müəmmalı təyyarənin Rusiya sərhədlərini pozması ölkədə geniş müzakirə olunur. Hərbi ekspert Yuri Knutov təyyarənin "qeyri-adi yük" daşıya biləcəyini irəli sürsə də, bəzi media orqanları Özbəkistan prezidenti Şövkət Mirziyayevin təyyarədə olduğunu bildiriblər.

Təyyarə Rusiyanın dörd bölgəsi üzərindən uçub.

“Flightradar” məlumatlarına görə, “Boinq 787-8” təyyarəsi Vaşinqton şəhəri yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıb. O, Murmansk, Arxangelsk və Kirov vilayətləri, eləcə də Başqırdıstan Respublikası üzərindən uçub. Daha sonra Rusiya sərhədini keçərək Qazaxıstan, sonra Özbəkistan hava məkanına daxil olub. Uçuş izləmə xidməti ekipaj barədə məlumat verməyib.

Bu barədə danışan hərbi ekspert Yuri Knutov Vaşinqton və Astana arasında artan hərbi əməkdaşlıq fonunda təyyarənin Qazaxıstana yük daşıya biləcəyini iddia edib. O, hesab edir ki, bu halda Rusiya uçuşa icazə verə bilərdi.

Knutov təyyarənin "100 faiz qeyri-adi yük" daşıdığını vurğulayıb, lakin onun nə ola biləcəyini dəqiqləşdirməyib.

Ekspert əlavə edib ki, uçuş icazəsiz olsaydı, Rusiya dərhal reaksiya verərdi.