Rusiya reallıqla barışmalıdır, “3+3” formatı öz funksionallığını itirib - ŞƏRH

. ABŞ-ın regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Azərbaycanla birlikdə “3+3” formatında növbəti görüşə hazırlıq aparıldığını açıqlayıb.

 Lavrov həmçinin Gürcüstanın da danışıqlara qoşulmasının arzuolunan olduğunu vurğulayıb: “Türkiyə və Azərbaycanla birlikdə artıq ‘3+3’ formatının əsas üzvləri ilə nazirlər səviyyəsində iki görüş keçirmişik. İndi üçüncü görüş hazırlanır. Gürcü qonşularımız hazırda iştirakdan yayınırlar. Lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır. Həmkarım cənab Hakan Fidan nazirlərin üçüncü görüşünün keçirilməsini fəal şəkildə dəstəkləyir. Hazırda görüşün yeri müəyyənləşdirilir. Ümid edirəm ki, bu proses mümkün qədər tez yekunlaşacaq”. 

Milli Cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında regiondakı vəziyyətin 2020-ci ildən fərqli olduğunu deyib. Onun sözlərinə görə, artıq Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşıb: " O dövrdə Rusiya bölgədə əsas oyunçu idi və Üçtərəfli Bəyannamə (10 noyabr 2020) hələ də qüvvədə idi. ABŞ isə region proseslərində passiv rol oynayırdı. Lakin 2025-ci ilin 8 avqustunda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin -TRİP marşrutu açılması və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Bu razılaşma ilə ABŞ bölgədə həm siyasi, həm də iqtisadi təsir imkanlarını artırmağa nail olub”.

 Gürcüstanın məhz Rusiyanın iştirakına etiraz olaraq “3+3” formatına qoşulmaqdan imtina etdiyini xatırladan politoloq qeyd edib ki, hazırkı şəraitdə ABŞ nə Rusiya, nə də İranın bu platforma çərçivəsində Cənubi Qafqazda fəallaşmasına müsbət baxar: "ABŞ-ın Zəngəzur dəhlizi -TRİP marşrutu üzərində təsir imkanlarını artırması, onun regionda yeni iqtisadi və nəqliyyat xəttini idarəetməyə başlaması deməkdir. Bu isə Rusiya və İranın Cənubi Qafqazdakı strateji mövqelərinin zəiflədilməsinə yönəlib.

Demək olar ki, “3+3” formatı öz funksionallığını itirib. ABŞ-ın regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür".