Rusiya-Ukrayna müharibəsinin hərbi yolla həlli mümkün deyil - Politoloqdan proqnoz

  • Putinin nüvə təhdidi Qərbə qarşı təzyiq vasitəsidir

Rusiya-Ukrayna müharibəsi getdikcə daha təhlükəli xarakter alır. Hər iki tərəf döyüşlər fonunda yeni silahlar və hərbi imkanlar formalaşdırır. Rusiya Çinlə əməkdaşlığı genişləndirir, Ukrayna isə Qərb ölkələri ilə yeni hərbi texnologiyaların hazırlanmasında əməkdaşlıq edir. Bu proses qlobal miqyasda hərbiləşməni sürətləndirir və hərbi xərclərin kəskin artmasına səbəb olur.

Müharibənin ən ağır nəticələrindən biri insan və demoqrafik itkilərdir. Dağıntıları və iqtisadi itkiləri müəyyən müddətdə bərpa etmək mümkün olsa da, müharibənin yaratdığı demoqrafik böhranı aradan qaldırmaq daha çətin olacaq.

Qeyd edək ki, Ukrayna gecə saatlarında Moskva və ətrafına genişmiqyaslı PUA hücumu həyata keçirib. Sherg.az Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Rusiyanın paytaxtı istiqamətinə 650-dən çox PUA göndərib. Dronların əksəriyyəti Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bəs qarşılıqlı hücumların intensivləşməsi müharibənin gedişinə nə vəd edir?

Siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin hərbi yolla həllinin mümkün olmadığını deyib. Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynanın enerji infrastrukturu və humanitar obyektlərinə zərbələri Moskvanın cəbhədə irəliləyiş əldə etmək və yeni ərazilər üzərində nəzarəti genişləndirmək imkanlarının məhdudlaşması ilə bağlıdır:

“Rusiya bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir, Donbasın inzibati sərhədlərinə çıxa bilmir. Buna görə də Ukraynanın körpülərini, enerji və mülki infrastrukturunu hədəfə almaqla ölkə daxilində sosial narazılıq və etirazlara səbəb ola biləcək proseslərə təkan verməyə çalışır. Təbii ki, bu zərbələr Ukraynanı müəyyən mənada çətin vəziyyətə salır. Ukrayna parlamentində bəzi deputatların Rusiya ilə razılaşmaya getməklə bağlı açıqlamaları da bunun göstəricisidir. Lakin nə Ukrayna hökuməti, nə də siyasi müxalifət Rusiyanın ərazi güzəştləri qarşılığında irəli sürdüyü şərtləri qəbul etməyə hazır görünür. Bu, Ukrayna üçün əsas qırmızı xətlərdən biridir.

Eyni zamanda, Avropa ölkələri, xüsusilə Almaniya, Böyük Britaniya və Fransa Ukraynanın yanında olmağa davam edir. Ukraynanın Rusiyaya ciddi güzəştlərə getməsi, əslində, ölkənin dövlətçiliyinin zəifləməsi ilə nəticələnə bilər.

Ümumiyyətlə, Vladimir Putinin məqsədi yalnız Ukraynanın müəyyən ərazilərini ələ keçirmək deyil. Moskva Ukraynanın Rusiyanın təsir dairəsində olmasını və ölkədə Rusiyaya yaxın siyasi hakimiyyətin formalaşmasını istəyir. Buna görə də Rusiya hərbi əməliyyatları dayandırmır və müharibəni davam etdirməyə çalışır. Donbasın işğalı da bu strategiyanın yalnız bir hissəsidir”.

M. Əsədullazadə hesab edir ki, məhz bu baxımdan, Rusiyanın ABŞ tərəfindən irəli sürülən bəzi təklifləri qəbul etməməsi də göstərir ki, Moskvanın məqsədi sadəcə neytral Ukraynanın formalaşması deyil:

“ Rusiya daha çox öz təsir dairəsində olan, Moskvanın siyasi və təhlükəsizlik maraqlarını nəzərə alan Ukrayna istəyir. Putinin əsas strategiyası da bundan ibarətdir. Rusiya Ukraynada qalib gəlməklə öz təsir zonasını genişləndirməyi və böyük dövlət statusunu daha da möhkəmləndirməyi hədəfləyir. Lakin Rusiyanın Ukraynanı tam işğal etmək imkanlarının əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşdığı da görünür. Hətta Rusiya Ukraynanın mülki infrastrukturuna və şəhərlərinə böyük zərbələr endirsə belə, bunun Ukraynanın təslim olmasına gətirməyəcək. Əksinə, bu, müharibənin daha da uzanmasına və tərəflər arasında qarşılıqlı zərbələrin intensivləşməsinə səbəb ola bilər.

Ona görə də Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələdə hərbi yolla həll olunması mümkün deyil. Nə Ukrayna Rusiyanı hərbi yolla məğlub edə bilir, nə də Rusiyanın Ukrayna üzərində tam qələbə qazanmaq imkanları real görünür. Bu baxımdan, müharibənin həlli yalnız diplomatik kompromis yolu ilə mümkündür.

Yalnız Vladimir Putin mövcud reallıqları qəbul etməli, qoşunların dayandığı xətt üzrə atəşkəsə razılaşmalı və danışıqlar prosesinə qayıtmalıdır. Çünki qarşılıqlı zərbələr hər iki tərəfi böyük itkilərə məruz qoyur və uzunmüddətli perspektivdə bu müharibənin davam etdirilməsi həm Rusiya, həm də Ukrayna üçün ciddi siyasi, iqtisadi və humanitar nəticələr yaradır.

Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı Vladimir Putinin son açıqlamalarına gəldikdə isə, bu, daha çox Qərbə qarşı siyasi və psixoloji təzyiq vasitəsidir. Moskva bununla Qərbin Ukraynaya hərbi və siyasi dəstəyini məhdudlaşdırmağa, eyni zamanda, danışıqlar prosesində öz mövqelərini gücləndirməyə çalışır”.