- Ekspert Rusiyanın mümkün hədəflərini açıqlayıb - Azərbaycan, Qazaxıstan və Baltikyanı ölkələr...
Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın postsovet məkanındakı mümkün geosiyasi ambisiyaları ilə bağlı narahatlıqlar Avropada yenidən gündəmə gəlib. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın məqsədlərinin yalnız Ukrayna ilə məhdudlaşmadığını bildirərək, Gürcüstan, Moldova və Baltikyanı ölkələrin də potensial risk zonasında olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibədən əvvəl bir sıra Avropa ölkələri ilə normal münasibətlərinin və qarşılıqlı razılaşmalarının olması Moskvanın daha geniş planlarının olmadığı anlamına gəlmir. Vadefulun açıqlaması eyni zamanda Berlinin Rusiyanın təhlükəsizlik siyasətinə yanaşmasını və Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı narahatlıqlarını ortaya qoyur. Xüsusilə Vladimir Putinin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti kimi qiymətləndirməsi Rusiyanın postsovet məkanına münasibəti kontekstində yenidən müzakirə olunur. Bu bəyanatın fonunda əsas suallardan biri Rusiyanın Ukraynadan sonrakı mümkün addımlarının hansı istiqamətdə inkişaf edə biləcəyi, digər tərəfdən isə Avropanın və NATO-nun belə ssenarilərə qarşı hansı təhlükəsizlik mexanizmlərini gücləndirəcəyi ilə bağlıdır. Məsələ həm də keçmiş postsovet ölkələrinin təhlükəsizliyi və Avropanın şərq sərhədlərində qüvvələr balansı baxımından xüsusi əhəmiyyət daşıyır.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Almaniyanın xarici işlər nazirinin açıqlaması, əslində, təəccüb doğurmamalıdır:
“Rusiyanın belə planlarının olduğu məlumdur. Biz bunu yeni fikir kimi qəbul etmirik. Ukrayna müharibəsi başlamazdan əvvəl Vladimir Putinin müxtəlif çıxışları və məqalələri olub. Onun Ukrayna dövləti, eləcə də digər keçmiş postsovet ölkələri ilə bağlı mövqeyi də məlumdur. Putin bu dövlətlərin, demək olar ki, hamısını kvazi dövlətlər, yəni süni dövlətlər adlandırır. O, həmçinin Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti hesab edir. Bu baxımdan, onun ambisiyaları kifayət qədər genişdir. Biz dəfələrlə qeyd etmişik ki, Rusiya Ukraynada hədəflərinə çatarsa, diqqətini Azərbaycan da daxil olmaqla, müxtəlif keçmiş postsovet ölkələrinə yönəldə bilər. Buraya Qazaxıstan, Baltikyanı ölkələr və digərləri də daxildir”.
Analitik qeyd edib ki, Vadefulun bu açıqlaması müəyyən həqiqəti əks etdirir, eyni zamanda, bu, Avropaya verilən bir mesajdır:
“Ukraynaya hərtərəfli dəstək göstərilməsə və Rusiyanın təcavüzünə qarşı birgə mübarizə aparılmasa, gələcəkdə Avropanın təhlükəsizlik arxitekturasında daha ciddi problemlər yarana bilər. Rusiya keçmiş postsovet ölkələrini işğal etməyə cəhd göstərə bilər. Bu baxımdan, açıqlamanı həm Avropa ölkələrinə və onların daxili auditoriyasına ünvanlanan mesaj, həm də Rusiyanı bu məsələlərlə bağlı müəyyən təzyiq altında saxlamaq və planlarının həyata keçirilməsinə mane olmaq məqsədi daşıyan bəyanat kimi qiymətləndirmək olar. Şübhəsiz ki, bunu NATO-nun Ukrayna məsələsində daha diqqətli olmasına, daha ardıcıl və konkret addımlar atmasına yönəlmiş çağırış və ya mesaj kimi də dəyərləndirmək mümkündür”.