Rusiyadan kürdlərlə bağlı açıqlama

“Suriya və Yaxın Şərqin digər ölkələrindəku kürd problemi regional ölçüyə malik məsələdir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Kürd problemi təkcə Suriya yox, regionun bir çox digər ölkələrini də əhatə edən və təsir edən məsələdir. Hazırda Suriya kürdləri ətrafında baş verən hadisələr də ayrıca müzakirəyə layiqdir. Bu, regional ölçüyə malik mövzudur”, - nazir bildirib.

Sergey Lavrov Suriyada “etnik və dini birlik problemi”nə də diqqət çəkib.

Xarici işlər naziri regional məsələlərin həllində xarici oyunçular arasında əməkdaşlıq meyllərinə toxunaraq qeyd edib:

“İndi Yəməndəki münaqişə ilə bağlı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İran da daxil olmaqla, belə bir əməkdaşlıq meylini müşahidə edirik. Bunu alqışlayırıq”.

Lavrovun sözlərinə görə, Rusiya bu tendensiyanın Suriyaya dair məsələlərdə də davam edəcəyini gözləyir: “Burada artıq Rusiya, Türkiyə, İran və digər qonşu ölkələrin zəngin əməkdaşlıq təcrübəsi var”.

O əlavə edib ki, Liviya və İraq da daim diqqət tələb edir:

“İraqda 2003-cü ilin aqressiyasının nəticələri hələ də aradan qaldırılmayıb, bu, orada dövlətçiliyin əsaslarını zəiflədib. İraqda vəziyyət Liviyadakı qədər ümidsiz deyil, amma yenə də diqqət tələb edir”.