"Odur ki, gələcəkdə Rusiya tərəfindən mümkün təxribatlara qarşı Ermənistan və region diqqətli olmalıdır"
Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Levon Şirinyan Rusiyanın “Tramp Marşrutu” layihəsində iştirak etməyəcəyini bildirib. O, Rusiyanın Ukrayna məsələsində çıxılmaz vəziyyətə düşdüyünü və Ermənistanda revanşist qüvvələrin bu layihəni gözdən salmaq istədiyini vurğulayıb: “Rusiya heç bir halda “Tramp Marşrutu”nda iştirak edə bilməz. Lavrov öz günlərinə ağlasın, Putini elə aldadıb Ukraynaya saldılar ki, indi çıxış yolu tapa bilmirlər. İçəridə ilişib qalmaqdan və çıxa bilməməkdən qorxurlar, amma qorxunun əcələ faydası yoxdur. Ermənistanda da revanşistləri “Tramp Marşrutu”nu gözdən salmaq üçün meydana çıxarıblar. Ruslara öz yerlərini göstərmək lazımdır”. 
Siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Rusiya son zamanlar Zəngəzur dəhlizi və ümumilikdə regional nəqliyyat layihələri ilə bağlı müəyyən siyasi mövqelər ortaya qoyur: “Moskvanın bu cəhdlərinin arxasında əsas motivlərdən biri, regionda strateji təsirini qorumaq və Azərbaycanın və Ermənistanın maraqlarına təsir göstərməkdir. Lakin “Tramp Marşrutu” (TRİİP layihəsi) çərçivəsində Moskva iştirak etmək istəsə də, Ermənistanın parlamenti və digər ictimai-siyasi qüvvələri bu cəhdləri dəfələrlə rədd edib. Bu, təkcə Ermənistanın daxili siyasətində deyil, həm də regional balansın qorunmasında vacib rol oynayır”.
Ekspert qeyd edib ki, Rusiya “Tramp Marşrutu”nda iştirak etməyə çalışsa da, bu layihədə onun rolu həm praktiki, həm də siyasi baxımdan qeyri-mümkündür: “Ermənistanın mövqeyi aydındır: ölkə parlamenti və müvafiq qurumlar Rusiyanın layihədə iştirakına icazə verməyəcək. Odur ki, gələcəkdə Rusiya tərəfindən mümkün təxribatlara qarşı Ermənistan və region diqqətli olmalıdır.
Azərbaycan da Rusiyanın “Tramp Marşrutu”nda iştirakını dəstəkləmir, çünki Moskvanın layihəyə daxil olması regional güc balansını poza, kommunikasiya xətlərini siyasi alət kimi istifadə etməyə imkan verə bilər və Azərbaycanın strateji maraqlarına ziddir”.