Rza Pəhləvi 47 İLDİR TAXT GÖZLƏYİR - Əslində KİMDİR?

İranda iqtisadi böhran fonunda başlayan və getdikcə rejim əleyhinə çevrilən etirazlar davam edərkən, 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi yenidən ön plana çıxmağa çalışır. ABŞ-də sürgündə yaşayan 65 yaşlı Pəhləvi hakimiyyətə qayıtmaq ümidi ilə iranlılara şəhər mərkəzlərini nəzarətə götürmək çağırışı edib.

Rza Pəhləvi, şah Məhəmməd Rza Pəhləvi və Fərəh Dibanın ilk övladı olaraq 31 oktyabr 1960-cı ildə Tehranda anadan olub. Şah Məhəmməd Rza Pəhləvi taxtı 1953-cü ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Böyük Britaniyanın dəstəyi ilə həyata keçirilən çevrilişdən sonra atası Rza Şahdan almışdı.

Rza Pəhləvi dəbdəbə içində böyüyüb. Tehranın şimalındakı Niyavaran Sarayında yaradılan özəl məktəbdə təhsil alıb. İddialara görə, 1978-ci ilin Yeni ilində ABŞ prezidenti Cimmi Karter İrana səfər edəndə Pəhləvi onun üçün rok musiqisi ifa edib. Həmin illərdə neft qiymətlərinin yüksəlməsi İrana iqtisadi üstünlük versə də, sosial bərabərsizliklər və SAVAK kəşfiyyat qurumunun müxaliflərə qarşı işgəncə iddiaları şah rejiminə narazılığı artırmışdı.

18 yaşında təhsil almaq üçün ABŞ-a gedən Pəhləvi bir il sonra baş verən İran İslam İnqilabı nəticəsində ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qaldı. ABŞ Hərbi Hava Qüvvələrində pilot hazırlığı keçib, Texas Texniki Universitetində siyasət elmini oxuyub. Devrilmiş şah Misirdə limfa xərçəngindən vəfat edəndə, Rza Pəhləvi 20 yaşında atasının varisi elan olundu. O, tərəfdarlarına müraciətində “Tariximizdəki digər kabuslar kimi bu kabus da keçəcək” deyib.

İran diasporasında tanınmış hüquqşünas Yasmin Pəhləvi ilə evlidir, üç yetkin qızı var. ABŞ-ın Vaşinqton yaxınlığında yaşayan Pəhləvinin İran daxilində etirazçılar arasında real dəstəyinin nə qədər olduğu isə qeyri-müəyyəndir.

2023-cü ildə İsrailə rəsmi səfər edən Pəhləvi Ağlama Divarında dua edib. Keçən yay İsrail-İran arasında baş verən 12 günlük müharibədən sonra da iranlıları küçələrə çıxmağa və rejimi devirməyə çağırsa da, bu çağırış geniş qarşılıq tapmamışdı. İndi isə yenidən gündəmdədir. İsrail mediası onu rejimə alternativ kimi təqdim edir, lakin ABŞ prezidenti Donald Tramp belə bu məsələdə ehtiyatlıdır. Buna baxmayaraq, etirazlarda Pəhləvi posterlərinin görünməsi diqqət çəkir.