Qərb İran xalqını yox, "oyuncaq hakimiyyət"i seçir
Münhen Təhlükəsizlik Konfransı İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvini qonaq kimi dəvət edib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb:
“Əldə olan məlumata görə, şahzadənin nümayişlərdə də çıxış edəcəyini gözləyirik. Qlobal ictimaiyyətin diqqəti gələn həftəsonu tamamilə Münhenə yönələcək”, - qəzet yazır.
Qeyd edək ki, Rza Pəhləvi bundan əvvəl fevralın 14-nü “Aslan və Günəş” simvolu altında İran xalqının qiyamı ilə qlobal aksiya və həmrəylik günü elan edərək, xaricdəki - xüsusilə Münhen, Los-Anceles və Torontoda yaşayan iranlıları küçələrə çıxmağa və İran xalqına təcili beynəlxalq dəstək tələb etməyə çağırmışdı.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “Sherg.az”a deyib ki, Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi olduqca yanlış və ziddiyyətli bir yanaşmadır:
“Bu addımı Qərbin İran məsələsində riyakarlığının açıq göstəricisi kimi qiymətləndirmək olar. Çünki İran xalqı öz siyasi taleyini müəyyənləşdirmək, hakimiyyətini formalaşdırmaq və dövlət başçısını seçmək hüququna malikdir. İranda hər hansı bir rejim dəyişikliyi baş verəcəksə, bu, yalnız İran cəmiyyətinin iradəsi əsasında olmalı və xalqın qəbul etdiyi siyasi liderin önə çıxması ilə nəticələnməlidir. İranın gələcək siyasi sistemi də məhz bu iradə əsasında uyğun şəkildə formalaşa bilər.
Lakin ABŞ və bəzi Qərb ölkələrinin feodalizm dövrünün qalığı hesab edilən, keçmiş şahın varisini potensial siyasi lider kimi təqdim etməyə çalışması göstərir ki, onların əsas məqsədi İran xalqının gələcək taleyi və rifahı deyil. Bu yanaşma daha çox Qərbin İranla bağlı öz geosiyasi və strateji maraqlarını təmin etməyə hesablanıb. Beləliklə, İranda xalqa bağlı olmayan, əvəzində Qərbdən asılı, “oyuncaq” bir hakimiyyət modelinin formalaşdırılmasına cəhd göstərildiyi aydın görünür. Bu da onu deməyə əsas verir ki, Qərb siyasi dairələri İran xalqına münasibətdə faktiki olaraq riyakarlıq mövqeyindən çıxış edir və Rza Pəhləvinin beynəlxalq platformalarda önə çəkilməsi də məhz bu siyasətin tərkib hissəsidir”.