“İrandakı ümumxalq etirazları ölkənin Ali dini rəhbəri Əli Xameneinin məhvinədək davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə davam edən etiraz aksiyaları barədə danışarkən deyib.
Pəhləvi müraciətində etirazlar zamanı həlak olanları “İranın saf niyyətli vətənpərvər övladları” adlandırıb. O vurğulayıb ki, bu insanlar İranın azadlığı və ucalığı uğrunda müqəddəs mübarizədə həyatlarını itiriblər:
“Bu geridönüşü olmayan yolda sizinlə çiyin-çiyinə dayanmışam”.
Pəhləvi əlavə edib ki, bu qətllərin sifarişçi və icraçıları müəyyən ediləcək və cəzalandırılacaq.
İranın Ali dini rəhbəri Əli Xameneiyə də müraciət edən keçmiş şahzadə onu “İran gənclərinin qətliamına əmr verən” adlandırıb:
“Siz və sizin cinayətkar şəbəkəniz bu torpağın ən saf övladlarının qanını tökməklə, öz süqutunuzu daha da yaxınlaşdırırsınız. Mübarizə bu anti-İran rejimi tamamilə məhv edilənədək davam edəcək”.
Rza Pəhləvi iranlıları həmrəy və intizamlı qalmağa çağırıb:
“Azadlıq günü yaxındır, qələbə sizindir”.