"Amma mövcud şərtlər daxilində vacib tələblərimiz yerinə yetirilməlidir"
Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan deyib ki, Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər imzalamağa hazırdır:
"Sülh sazişinin mətni razılaşdırılıb, masanın üzərindədir və paraflanıb. Buna görə də bunu mümkün qədər tez edə bilərik. Niyə də olmasın? Bəli, seçkilərdən əvvəl həyata keçirmək istəyirik. Ermənistan hazırdır və mətnə razılıq verib. Qalanı Azərbaycandan asılıdır. Bu, Ermənistanın 100 faiz hazır olduğu məsələlərdən biridir".
Millət vəkili Fazil Mustafa “Sherg.az”a bildirib ki, sülh məsələsinin mümkün qədər tez başa çatması hər iki ölkənin xeyrinədir:
“Lakin burada bizim konstitusiya dəyişikliyi ilə bağlı konkret tələblərimiz var. Əgər Ermənistan bu dəyişikliyə razıdırsa və onu həyata keçirməyə hazırdırsa, o zaman problem qalmır və Azərbaycan da sənədi imzalaya bilər. Amma mövcud şərtlər daxilində vacib tələblərimiz yerinə yetirilməlidir. Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik edilməlidir ki, gələcəkdə həmin müddəalara əsaslanaraq sülh razılaşmasının nəticələrini hər hansı formada pozmaq mümkün olmasın. Bizim gözləntilərimiz də məhz bu istiqamətdədir. Bəli, sənədin Ermənistanın parlament seçkilərinədək imzalanması, prosesin sonraya qalmasından daha məqsədəuyğundur. Çünki revanşist baxışlara malik qüvvələr prosesin inkişafını ləngidə bilərlər. Bu məntiqlə yanaşdıqda, məsələnin seçkilərə qədər həll olunması hər iki tərəf üçün faydalı olardı”.