Bəzən vətəndaş cəmiyyətlərindən alət kimi istifadə olunur
Bir də görürsən siyasi partiya ətrafında “peyk” funksiyasını icra edən QHT-lər yaradılır
“Qeyri-hökumət təşkilatlarının faydalı fəaliyyət göstərməsinə nail olmaq üçün onlardan şəffaflıq tələb olunmalıdır”.
Bu sözləri “Şərq”ə açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” Birliyinin sədri Anar Xəlilov deyib. Birlik rəhbəri vurğulayıb ki, normal fəaliyyət göstərən QHT-lərdən şəffaflıq tələb olunmasında heç bir problem yoxdur:
“Ötən gün AŞPA-nın iclasında çıxış edən millət vəkili Səməd Seyidov məsuliyyətsiz qeyri-hökumət təşkilatlarının fəaliyyətinin yolverilməz olduğunu vurğuladı. Səməd müəllimin fikirləri ilə tam razıyam. QHT-nin rolu cəmiyyətin inkişafında vətəndaş mövqeyindən çıxış edərək müxtəlif sahələr üzrə fəaliyyət aparmaqdır. Bu qurumlar siyasi təşkilat sayılmır. Lakin bəzən müşahidə edirik ki, hər hansısa siyasi partiya ətrafında “peyk” funksiyasını icra edən QHT-lər yaradılır və başqa məqsədlər üçün istifadə edilir. Siyasi partiyaların xaricdən maliyyələşməsi bütün dövlətlərdə qanunla qadağandır. Bu məqsədlə “peyk” qeyri-hökumət təşkilatları yaradılır və onların vasitəsi ilə xarici maliyyə əldə edirlər. Eyni zamanda bəzi qurumlar vasitəsi ilə terrorçu təşkilatlar maliyyə vəsaiti ilə təmin olunurlar. Bu tip misallar çoxdur”.
A.Xəlilovun fikrincə, çirkli məqsədlərlə fəaliyyət göstərən QHT-lər şəffaflıq tələb olunduqda bunu özlərinə “təzyiq” kimi qələmə verərək hay-küy salırlar:
“Çox təəssüflər olsun ki, Qərbin digər ölkələrə qarşı apardığı siyasətdə vətəndaş cəmiyyətindən alət kimi istifadə olunur. Bir çox Qərb demokratiya institutları bu işlərdə peşəkardırlar. Xatırlasaq, keçmiş sovet respublikalarındakı “rəngli inqilablar”, ərəb ölkələrindəki “bahar inqilabları” həmin Qərb demokratiya institutlarının fəaliyyəti nəticəsində baş vermişdi.
QHT-lər vasitəsi ilə bu cür çirkin oyunların qurulması demokratik prinsiplərə xəyanətdir. Qeyri-hökumət təşkilatlarının cəmiyyətin inkişafında böyük rolu var. Dünyada fəaliyyət göstərən sağlam beynəlxalq təşkilatlar bu cür oyunlara qarşı çıxmalı, QHT-nin sağlam fəaliyyətinin təmin olunması üçün yeni mühitin formalaşmasına yardım etməlidirlər. Səməd müəllim də məruzəsində bunu xüsusi qeyd edib”.
Anar Xəlilov vurğulayıb ki, bu gün Azərbaycanda QHT-nin normal fəaliyyəti üçün sağlam mühit formalaşıb:
“Dövlətin apardığı siyasətin prinsiplərindən biri vətəndaş cəmiyyətinin inkişafını təmin etməkdir. Qəbul olunan qanunlar, verilən sərəncamlar bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsinə tam şərait yaradıb. Bu sahədə Azərbaycan dövlətinin atdığı addımların çoxu dünyada yeni bir model kimi istifadə oluna bilər. Sadəcə müasir dünyanın tələblərinə cavab verən QHT-nın inkişaf etdirilməsinə ehtiyac var. Peşəkar qurumların sayının artırılması bu gün çox aktualdır. Bu isə vətəndaş cəmiyyətində bu gün fəaliyyət göstərən insanlarımızdan asılıdır”.