Səfir: Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib

Biz “Bir kəmər, bir yol” layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edirik. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir.

APA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı mətbuata verdiyi müsahibəsində qeyd edildiyi kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafı sahəsində fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib. Bu da onların peşəkarlığı, işinin keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. Bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır", - səfir qeyd edib.