İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına nəzarəti ələ keçirməyə və ya onu mümkün olan ən qısa vaxtda bağlamağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İran mənbələrinə istinadla “Sky News Arabia” bildirib.
Media SEPAH-ın “Hörmüz boğazı: Ağıllı nəzarət” adlı hərbi təliminin başa çatdığını yazıb. Təlim bazar ertəsindən etibarən korpusun donanması tərəfindən həyata keçirilib.
Təlimlər ABŞ ilə İran arasında Cenevrədə keçirilən dolayı danışıqların ikinci raundu və Vaşinqtondan artan hərbi təhdidlər fonunda baş tutub.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib:
“Hörmüz boğazına dair kəşfiyyat müşahidəmiz 24/7 davam edir - həm səthdə, həm dərinlikdə, həm də havada. Əmr verilsə, SEAPAH-ın Dəniz Donanması boğazı ələ keçirəcək və ya ən qısa vaxtda bağlayacaq. Qeyri-döyüş gəmilərinin təhlükəsizliyi təmin olunur, amma istənilən təhdidə qəti cavab veriləcək”.
Hörmüz boğazı dünyada ən mühüm su yollarından biri sayılır və dünyadakı neft ticarətinin təxminən 20 faizi buradan keçir.