SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı

  • Təqaüdlərlə bağlı mühüm qərar gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb. Gündəlikdə pensiyaların artırılması, terrorla mübarizə və regional təhlükəsizlik məsələləri yer alıb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Oktyabrın 26-da keçirilən son iclasdan sonra bu gün Beştəpədə yenidən toplanan Kabinetin daxili və xarici siyasətlə bağlı mühüm məsələləri müzakirə edəcəyi gözlənilir.

İclasın əsas gündəm mövzularından biri pensiyaların artırılması ilə bağlı mümkün dəyişikliklərdir. İqtisadiyyat üzrə məsul qurumlar bütün pensiyaçıları əhatə edəcək yaxşılaşdırma üzərində işləyirlər. Artımın pensiyaçıların yaşına və ödədikləri sığorta haqlarının gün sayına görə fərqləndirilməsi variantı nəzərdən keçirilir.

Bundan başqa, investisiya fondları ilə bağlı aparılan araşdırmanın nəticələri və ləğv edilməsi qərara alınan fondların investorlarına aralıq ödənişlərin həyata keçirilməsi məsələsi də müzakirə olunacaq.

“Terrorsuz Türkiyə” prosesi də gündəmdədir

Kabinet iclasında “Terrorsuz Türkiyə” prosesi çərçivəsində əldə olunan nəticələr də qiymətləndiriləcək. Terror təşkilatının buraxılması və nəzarətindəki silahların təhvil verilməsi ilə bağlı təhlükəsizlik hesabatlarının müzakirəsi gözlənilir.

Bu proses çərçivəsində yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin monitorinq komissiyasının da fəaliyyətə başlaması planlaşdırılır.

Xarici siyasət gündəmində isə ABŞ və İran arasında diplomatik təmaslar, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Antalyada keçiriləcək COP31 sammitinə hazırlıq məsələləri yer alacaq.