SON DƏQİQƏ: İran ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə keçdiyini açıqladı

İran ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə daxil olur.

Sherg.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

Onun sözlərinə görə, münaqişənin ilk iki mərhələsi 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə və 2026-cı ilin yanvarında Vaşinqtonun təşkil etdiyi iğtişaşlar olub.

“Ümumilikdə üç mərhələ mövcuddur. Birinci mərhələ 12 günlük müharibə, ikinci mərhələ isə müharibədən cəmi yeddi ay sonra baş verən iğtişaşlar idi. Hazırda üçüncü mərhələyə daxil oluruq”, - deyə Qəribabadi vurğulayıb. Onun sözlərinə görə, hazırda İran ətrafında baş verənlər yeni mərhələnin başlanğıcıdır.

İran XİN rəhbərinin müavini bildirib ki, qarşı tərəf taktikanı dəyişsə də, bu mərhələdə də əvvəlkilər kimi məğlub olacaq.

Qəribabadi əlavə edib ki, Tehran heç vaxt müharibə istəməyib və indi də istəmir, lakin özünü müdafiə etmək qabiliyyətini gücləndirməyi zəruri hesab edir və diplomatik sahədə irəliləyiş olsa belə, müdafiə potensialının möhkəmləndirilməsini dayandırmayacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın danışıqlar masasına oturaraq nüvə silahından imtinanı nəzərdə tutan razılaşmaya getəcəyinə ümid etdiyini bildirmiş, əks halda Tehrana 2025-ci ilin iyunundakı hücumlardan daha ağır zərbə endirilə biləcəyi ilə hədələmişdi.