İranda hakimiyyət əleyhinə etirazlar davam edir.
Sherg.az xəbər verir ki, Amerika mərkəzli İnsan Hüquqları Aktivistləri Agentliyinin məlumatına görə, 36 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.
İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi isə 250 polis əməkdaşının və 45 İnqilab Keşikçisi üzvünün yaralandığını açıqlayıb.
28 dekabrda başlayan hakimiyyət əleyhinə etirazlar 31 vilayətin 27-sini əhatə edib.
Tehran rəhbərliyi iqtisadi böhrandan qaynaqlanan etirazları dayandırmaq üçün əhaliyə aylıq 7 dollar ödəniş etməyi təklif edib.
Hökumət sözçüsü Fatemeh Mohajerani ev təsərrüfatlarının alıcılıq qabiliyyətini qorumağı və inflyasiyanı azaltmağı hədəflədiklərini bildirib. Lakin minimum yaşayış üçün tələb olunan 200 dollardan sonra 7 dolların ciddi təsir göstərməyəcəyi qeyd olunur.
Yardım qərarına baxmayaraq, İran Mərkəzi Bankından etirazları alovlandıra biləcək bir addım gəlib. İranlı idxalçı və istehsalçılara subsidiya ilə verilən valyuta məzənnəsində subsidiya payının azaldılması qərara alınıb. Bunun məhsul qiymətlərinə dərhal təsir edəcəyi, iqtisadi səbəblərlə başlayan etirazları daha da genişləndirə biləcəyi bildirilir.
1979-cu il İran İslam İnqilabından əvvəl 70 İran rialı 1 ABŞ dollarına bərabər idi. Sonrakı illərdə rialın dəyəri tədricən azalıb. 2015-ci ildə nüvə sazişi dövründə 1 dollar 32 min rial idi. Hazırda isə baş verən hadisələr və hökumətin iqtisadi qərarları fonunda 1 dolların qarşılığı 1 milyon 460 min rial olaraq göstərilir. Subsidiya azaldılması rialın dəyər itkisinin daha da sürətlənməsinə səbəb olur.
Etirazların başqa bir ünvanı İranın qərbindəki İlam şəhəri olub. Təhlükəsizlik qüvvələrinin İmam Xomeyni xəstəxanasına basqın etdiyi, xəstəxanaya sığınan və ya müalicə alan etirazçılara müdaxilə edildiyi bildirilib.
Beynəlxalq Amnistiya Təşkilatı İnqilab Keşikçiləri və polis xüsusi təyinatlılarının xəstəxanada gözyaşardıcı qazdan istifadə etdiyini, qapıları sındırdığını və xəstəxana işçiləri də daxil olmaqla içəridəkilərə zorakılıq göstərdiyini iddia edib.
ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki farsdilli hesabında Tehranda da xəstəxana basqını olduğuna dair paylaşım edilib. Departament İlam və Tehrandakı basqınları “insanlığa qarşı cinayət” adlandırıb və bunun “İran İslam Respublikasının qəddarlığını və insan ləyaqətinə hörmətsizliyini göstərdiyini” bildirib.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Melikşahidə şənbə günü keçirilən etirazlar zamanı ölən iki nəfər üçün İmam Hüseyn qəbiristanlığında dəfn mərasimi təşkil olunub.
Mərasimdən sonra təxminən 100 nəfərlik etirazçı qrup üç bankı yandırıb.
Hadisələrin böyüməsi ilə təhlükəsizlik qüvvələri müdaxilə edib. Müdaxilə zamanı iki polis yaralanıb, bir nəfər isə həyatını itirib.
İranın devrilmiş lideri şah Məhəmməd Rza Pəhləvinin ABŞ-da sürgündə yaşayan oğlu Rza Pehləvi də ölkədəki etirazlarla bağlı açıqlama verib. Etirazlar başladıqdan sonra ABŞ-ın aparıcı media qurumlarında daha çox çıxış edən Rza Pəhləvi “Washington Post” üçün yazdığı məqalədə Tehran rejiminin legitimliyini itirdiyini və rejimin çatladığını bildirib.
ABŞ Prezidenti Donald Trampın İran xalqına dəstək verdiyini deyən Pəhləvi, bir televiziya proqramında da “İran xalqının tiran rejimindən qurtulmasının vaxtı çatıb” ifadəsini işlədib.