Strateji Tərəfdaşlıq Xartiyası Naxçıvana maneəsiz keçidi təmin edir” - TƏHLİL

"İşçi Qrup yaradılır, Xartiya yalnız kağız üzərində qalmayacaq”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə ABŞ-ın Vitse-prezidenti arasında məhdud və geniştərkibli görüşlər keçirilib. 

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi baş tutub. ABŞ-nin vitse prezidentinin ölkəmizə səfəri ilə bağlı Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı səfərin əhəmiyyətini yüksək qiymətləndirərək Tramp-Vens administrasiyasına Azərbaycana göstərilən müsbət münasibətə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması son altı ay ərzində aparılan intensiv və məqsədyönlü fəaliyyətin nəticəsidir. Altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və Xartiyanın hazırlanması üçün İşçi Qrupunun yaradılması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Dövlətimizin başçısı vurğulayıb ki, dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir.

Qeyd edək ki, bu səfər Azərbaycanda və dünya ictimaiyyətində iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yalnız rəsmi diplomatik əlaqələr çərçivəsində deyil, həm də regionda sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından yeni mərhələyə keçdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının tarixi əhəmiyyətə malik sənəd olduğunu bildirib. 

Deputatın fikrincə bu sənəd, yalnız iki ölkə arasında mövcud ikitərəfli əlaqələri rəsmi hüquqi çərçivəyə salmır, eyni zamanda tərəflərin gələcək əməkdaşlıq istiqamətlərini geniş və çoxşaxəli formada müəyyən edir: “ Xartiya, regional və qlobal səviyyədə strateji maraqların təmin olunması baxımından önəmli bir platforma yaradır və Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyacaq potensiala malikdir.

Sənədin mətnində bir sıra mühüm istiqamətlər öz əksini tapıb. Təhlükəsizlik məsələləri və terrorizmlə mübarizə sahəsində tərəflər birgə fəaliyyətin gücləndirilməsinə, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunmasına xüsusi önəm verirlər. Eyni zamanda, mülki nüvə əməkdaşlığı və enerji təhlükəsizliyi ilə bağlı müddəalar regionda enerji marşrutlarının etibarlılığını artırmaqla yanaşı, Azərbaycanı strateji aktor kimi ön plana çıxarır.

Texnologiya və innovasiya sahəsində Xartiya süni intellekt, data mərkəzləri və rəqəmsal infrastrukturun inkişafını prioritet istiqamət kimi müəyyən edir. Bu, həm Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasına, həm də ABŞ-ın strateji texnoloji tərəfdaşlığı çərçivəsində regional innovasiya şəbəkələrinin formalaşmasına töhfə verəcək.

Xartiyada həmçinin dövlət və özəl sektor arasında ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə geniş yer verilib. Bu müddəalar, ikitərəfli sərmayə axınlarının artırılması, iqtisadi layihələrin təşviqi və iki ölkənin biznes-mühitlərinin inteqrasiyası baxımından əhəmiyyətlidir.

Hərbi və siyasi sahələrdəki müddəalar isə Strateji Tərəfdaşlığı yalnız diplomatik və iqtisadi əməkdaşlıq səviyyəsində deyil, eyni zamanda strateji müttəfiqlik perspektivinə qədər daşıya biləcək bir əsas kimi formalaşdırır. Xartiya, ABŞ və Azərbaycanın regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərində daha sıx əməkdaşlıq imkanlarını təmin edir, tərəflər arasında etimad və qarşılıqlı məsuliyyət prinsiplərini gücləndirir. Bir sözlə, Strateji Tərəfdaşlıq Xartiyası, yalnız mövcud əməkdaşlığın dərinləşdirilməsini təmin etmir, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərini gələcəkdə tam strateji müttəfiqlik səviyyəsinə yüksəltmək üçün əsas yaradır. Bu sənəd, regionda sabitliyin, iqtisadi inkişafın, texnoloji tərəqqinin və təhlükəsizliyin təmin olunması baxımından uzunmüddətli strateji əhəmiyyət daşıyır”.

Hikmət Babaoğlunun qənaətinə görə, Xartiyada nəzərdə tutulan məsələlər təkcə Cənubi Qafqaz regionu ilə məhdudlaşan bir məsələ deyil, Orta Asiyadan Yaxın Şərqə qədər böyük bir coğörafiyada bu əməkdaşlığı zəruri edən çağırışlardır: “Düşünürəm ki, növbəti mərhələdə ABŞ- Azərbaycan münasibətlərinin daha da dərinləşməsini müşahidə edəcəyik. Xartiyanın ən strateji əhəmiyyət kəsb edən hissəsi Transxəzər Orta Dəhlizi və TRIPP layihəsinin ayrıca vurğulanmasıdır. Bu təşəbbüslər faktiki olaraq Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini qlobal enerji və nəqliyyat marşrutlarının mərkəzinə çıxarır. Transxəzər Orta Dəhlizi və TRIPP layihəsi vasitəsilə Çin Avropaya çıxışını təmin edir, Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyasına şərait yaradır. 

Bu təşəbbüslər eyni zamanda Azərbaycanın illərdir strateji səviyyədə diqqətini cəmlədiyi bir məsələnin, 5 ildir israr etdiyimiz Naxçıvana maneəsiz keçidin təmin olunması məsələsinin hüquqi və diplomatik mandatını özündə ehtiva edir. Naxçıvanla maneəsiz və etibarlı əlaqənin Xartiyada nəzərə alınması, Azərbaycanın Zəngəzur istiqamətində diplomatik mövqeyini ciddi şəkildə gücləndirir və regional nəqliyyat, enerji və iqtisadi layihələrdə Azərbaycanın rolunu daha da ön plana çıxarır”.

Deputat qeyd edib ki, imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında sadalanan müddəaların icrasını təmin etmək üçün xüsusi İşçi Qrupunun yaradılması da nəzərdə tutulub. Bu da sənədin yalnız kağız üzərində qalmayacağını, əksinə konkret layihə və tədbirlərlə qısa müddətdə həyata keçiriləcəyini göstərir: “ İşçi Qrupu tərəflər arasında əməkdaşlığın koordinasiyasını təmin edəcək, prioritet sahələr üzrə yol xəritələrini hazırlayacaq və icranın effektivliyini daim izləyəcək. Belə bir mexanizmin mövcudluğu Azərbaycan-ABŞ münasibətlərinin yalnız dərinləşməsini deyil, həm də miqyasının genişlənməsini təmin edir. Enerji, nəqliyyat, rəqəmsal infrastruktur, süni intellekt, müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlıq imkanları qısa zamanda reallaşaraq, tərəflərin regional və qlobal səviyyədə strateji rolunu artıracaq”.