- “Bu haqsız dünyadan ədalət gözləməməliyik - ədalətimizi özümüz təmin etməliyik”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı yalnız partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini deyil, Azərbaycanın yeni mərhələdə qarşısında duran əsas vəzifələri də müəyyənləşdirən proqram xarakterli mesajlarla yadda qaldı. Dövlət başçısı çıxışında ərazi bütövlüyü və suverenliyin bərpasından sonra ölkənin təhlükəsizliyi, ideoloji dayanıqlılığı, müstəqil xarici siyasəti, iqtisadi-maliyyə sabitliyi, sosial rifah və Böyük Qayıdış kimi strateji istiqamətlərə diqqət çəkib.
Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. 2020-ci ildə əldə edilmiş Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə nəticələnən proseslər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyub.
Müasir dünyada milli təhlükəsizlik anlayışı artıq yalnız güclü ordu və hərbi potensialla ölçülmür. Geosiyasi qarşıdurmaların dərinləşdiyi, informasiya müharibələrinin genişləndiyi, süni intellekt və rəqəmsal texnologiyaların yeni təhdidlər yaratdığı bir dövrdə dövlətin dayanıqlılığı həm də ideoloji, informasiya, iqtisadi və siyasi müstəqillikdən asılıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin təhlükəsizlik məsələlərinə dair mesajları Azərbaycanın yeni mərhələdə qarşısında duran prioritetləri də ortaya qoyur.
Dövlət başçısının çıxışında güclü ordu və təhlükəsizliklə yanaşı, cəmiyyətin ideoloji təxribatlardan qorunması, təhsil və vətənpərvərliyin gücləndirilməsi, informasiya məkanının qorunması, müstəqil xarici siyasət və iqtisadi-maliyyə dayanıqlılığı xüsusi önə çıxır. Eyni zamanda ideoloji işin formal və şablon yanaşmalardan uzaqlaşdırılaraq müasir reallıqlara uyğunlaşdırılması zərurəti vurğulanır. Bütün bunlar göstərir ki, Azərbaycanın təhlükəsizlik konsepsiyasında hərbi güclə yanaşı, milli düşüncənin, informasiya məkanının və dövlətin siyasi-iqtisadi müstəqilliyinin qorunması da strateji əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Musa Quliyev Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayını ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisə, yeni və taleyüklü mərhələnin başlanğıcı kimi dəyərləndirib.
Deputat bildirib ki, VII qurultaydan sonra ötən illər Azərbaycan və xalqımız üçün əlamətdar hadisələr və mühüm uğurlarla zəngin olub:
“Bu illər ərzində Azərbaycan öz suverenliyini tam bərpa edib, siyasi, iqtisadi və hərbi qüdrətini ardıcıl şəkildə möhkəmləndirib, sülh gündəliyini formalaşdırıb, Ermənistanla sülh müqaviləsinin mətnini paraflayıb. Dövlətimizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da güclənib. Qurultayda aparılan müzakirələr bir daha göstərdi ki, əldə etdiyimiz uğurların yalnız və yalnız bir siyasi və ideoloji mənbəyi vardır: Heydər Əliyev yolu və bu yolu Şuşa ucalığına, Zəngəzur dağlarının zirvələrinə qaldıran İlham Əliyev zəkası, İlham Əliyev cəsarəti, İlham Əliyev liderliyi! Bu gün fəxrlə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük, ən monolit və ən qüdrətli partiyasıdır. Eyni zamanda onu da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının gücü xalqın ona olan etimadında, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək və qarşıya qoyulan vəzifələri həyata keçirə bilmək keyfiyyətindədir.
Keçdiyimiz tarixi mübarizə yolu bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına könüldən bağlı olan, ona sədaqətlə, ləyaqətlə, vicdanla və təmənnasız xidmət edən mərd və mübariz insanların partiyasıdır! Qurultaydakı nitqində cənab Prezident regionda və dünyada gedən siyasi proseslərə dəqiq qiymət verdi, hər kəsə öz yerini göstərdi və qarşıda dayanan prioritetləri diqqətə çatdırdı”.
Deputat hesab edir ki, bu gün Azərbaycanın qarşısında daha böyük miqyaslı vəzifələr dayanır:
“Qələbəni və suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir. Cənab Prezidentin irəli sürdüyü birinci vəzifə “Biz güclü olmalıyıq” tezisidir. Bəli, müharibə bitib, düşmən kapitulyasiya aktına qol çəkib. Amma sülh yoxdur, müxtəlif təxribat meyilləri var, düşmənə etibar da yoxdur və olmamalıdır. Bunu bizə yaşadığımız 200 illik tarix dəfələrlə sübut edib.
Nə qədər ki, dünyada və regionda sabitlik yoxdur, nə qədər ki, Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadi və logistik resurslarına göz dikənlər var, nə qədər ki, bizi cəhalətə çəkmək, özlərinin yanlış və mənasız iddialarına ortaq etmək istəyənlər var, biz güclü olmalıyıq.
Heç kəsə ümid bağlamırıq və bağlamamalıyıq. Bu haqsız dünyadan ədalət gözləməməliyik, ədalətimizi özümüz təmin etməliyik və həmişə güclü olmalıyıq.
Ona görə də hərbi gücümüzü artırmalıyıq. Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 9 milyard manata qədər artırılacaqdır. Ordumuzun maddi-texniki bazası daha da güclənəcək, müasirləşəcək, hərbçilərimizin maddi və sosial təminatı artırılacaqdır.
Biz həm də ideoloji və siyasi təxribatlarla üz-üzəyik və bu təxribatların vaxtında qarşısını almaq üçün siyasi və ideoloji baxımdan güclü olmalıyıq. Təhsilli, bilikli olmalıyıq, texnoloji yenilikləri, süni intellekt də daxil olmaqla, bütün sosial şəbəkə və elektron resursları daim izləməli və əks təsir yaratmaq üçün proqramlara malik olmalıyıq.
Və ən əsası, birlikdə, hamılıqla cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin yanında olmalıyıq.
“Qələbənin ata-anası çox olar, məğlubiyyət isə həmişə yetimdir” atalar sözünü biz 30 illik işğal dövründə və 44 günlük Zəfər savaşından sonrakı dövrdə əyani şəkildə gördük. Nə zaman ki, Azərbaycanın dövləti zəif idi, ölkəmiz yoxsul idi, nə qardaşlarımızdan, nə dostlarımızdan, nə qonşularımızdan bir əməli dəstək görmədik. Daha sözü çox xırdalamaq istəmirəm.
Cənab Prezident qurultayda hər şeyi söylədi, bütün daşları yerinə oturtdu. Kimin daş dəyən yeri ağrıyırsa, onun da günahı bizdə deyil.
Amma bir daha Böyük Zəfərimizin qələbə düsturunu xatırlatmaq istəyirəm: Böyük Zəfər = Qəhrəman Ordu + Qəhrəman Ali Baş Komandan + Qəhrəman Xalq!
Qalanı isə təfərrüatdır və ticarətdir. Ticarətin içərisində isə maddiyyat da var, siyasət də var, ideologiya da var”.
M. Quliyev qeyd edib ki, qarşıda dayanan əsas vəzifələrdən biri də sosial- iqtisadi inkişafımızla bağlıdır:
“Cənab Prezident qurultayda gələn il üçün sosial zərfin daha da artırılacağının müjdəsini verdi. Gələn il maaşlarımız, pensiyalarımız, müavinətlərimiz təqaüdlərimiz artacaq, xalqımızın sosial rifahı qorunacaqdır. Ölkəmizə qoyulan xarici investisiyanın həcmi daha da artacaqdır, Böyük Qayıdış proqramı daha geniş vüsət alacaqdır. Əminəm ki, həmişə olduğu kimi, qarşıdakı dövrdə də Liderimizin irəli sürdüyü və prioritet elan etdiyi bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.